Logo

ADPU-nun Şamaxı Filialında faşizm üzərində qələbə günü qeyd olunub

10.05.2021 14:43 405 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı Filialında ADPU-nun 100 illik və Şamaxı filialının 30 illik yubileyinə həsr olunmuş tədbirlərin davamı olaraq “Qələbəyə gedən yol” mövzusunda onlayn elmi-praktik konfrans keçirilib.

 

Tədbirdə filialın  professor-müəllim  heyəti, tələbələri və eləcə də dəvət olunmuş qonaqlar - Şamaxı rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban Eyubova, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun şöbə müdiri, Dövlət mükafatı laureatı, tarix elmləri doktoru, prof. Tofiq Mustafazadə, Sumqayıt Dövlət Universitetinin Tarix-coğrafiya fakültəsinin dekanı, tarix elmləri doktoru, prof. Adil Baxşəliyev, AMEA Nəsimi adına Dilçilik  İnstitutunun şöbə müdiri, filiologiya elmləri doktoru, prof. İsmayıl Məmmədov iştirak ediblər.


Tədbirin 9 may Qələbə Günü ərəfəsində keçirilməsi və 8 may tarixinə salınmasının simvolik məna daşıdığını qeyd edən filialın direktoru, dosent Tünzalə Yusifova bildirdi ki, bu il Azərbaycan xalqı Şuşanın işğal tarixini deyil, tarixi zəfərini qeyd etməsini məhz cənab Ali Baş Komandan İlham Əliyevə borcludur. Qələbələr münasibətilə tədbir iştirakçılarını təbrik edən T.Yusifova qeyd etdi ki, tarix boyu Azərbaycan xalqı heç zaman başqa dövlətlərin və xalqların torpaqlarına göz dikməmiş,  tarixdə sülhsevər xalq imici qazanmışdır. 1941-1945-ci illərdə İkinci Dünya Müharibəsində faşizm üzərində qələbənin əldə olunmasında da Azərbaycan xalqının böyük töhfəsi və rolu olmuşdur. Qələbə ruhlu Azərbaycan xalqı 30 ildən artıq bir müddətdə erməni faşizminin tapdağı altında qalmış torpaqlarımızı azad edərək bu mübarizədən də üzüağ çıxdı. Bu gün qələbə sözü bütün dünyada Azərbaycan xalqının adı ilə yanaşı gəlir. 


Çıxış edən M. Eyubova elmi-praktik konfransın əlamətdar günlər ərəfəsində qeyd olunmasının təqdiqəlayiq hal olduğunu vurğuladı. O, qeyd etdi ki, 8 may Qarabağ gözəli Şuşamızın işğal tarixidir, hansı ki, biz bu tarixi artıq zəfər günləri ilə əvəz etdik. Həm də 9 May faşizm üzərində Qələbə Günüdür.


Sonra prof. T. Mustafazadə “Qarabağ əzəli və əbədi Azərbaycan torpağıdır”, prof. A. Baxşəliyev “Qələbəmiz Azərbaycan xalqının milli birliyinin təntənəsidir”, prof. İ. Məmmədov “Düşmən üzərində qələbə Azərbaycan xalqının müzəffər Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan xalqına tarixi töhfəsidir”, filialın Sosial və pedaqoji elmlər kafedrasının müdiri, dos. M. Alıcanov “Qələbəyə gedən yol” mövzularında çıxış edərək  tədbir iştirakçılarına tarıxı hadisələrlə bağlı geniş məlumat verdilər.


Filial tələbələrindən  Tələbə Elmi Cəmiyyətinin fəal üzvü  Ayşən Osmanlı “Qələbə ruhlu xalqım” mövzusunda təqdimatla, TGT nəzdində “Cinema klub”un sədri Narınc Cəbrayılova isə şair  Elxan Yurdoğlunun “Zəfər himni” şeiri ilə rəşadətli Azərbaycan ordusuna öz hörmət və ehtiramlarını bildirdilər.


Həmçinin mayın 8-də Şamaxı filialının rəhbərliyi və əməkdaşları faşizm üzərində qələbə günü münasibətilə Şamaxı şəhərində yerləşən Şəhidlər xiyabanını ziyarət ediblər. Ziyarət zamanı qeyd olunub  ki, 9 may 1945-ci ildə faşizm üzərində qələbə tarixinə öz xüsusi imzasını atan azərbaycanlıların xələfləri Ali Baş Komandan, cənab Prezidentimiz İlham Əliyevin komandanlığı ilə 10 noyabr 2021-ci ildə erməni terrorizmi və faşizmi üzərində tarixi qələbə çaldı.

Xəbər lenti