Logo

“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası”

10.05.2021 13:06 639 baxış
IMG

Azərbaycan Dillər Universitetində (ADU)  Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı IV Beynəlxalq konfrans keçirilib. Artıq ənənə halını almış və silsilə olaraq keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş  eyniadlı I Beynəlxalq elmi konfrans  da öz geniş miqyasına, əhatə dairəsinə görə mötəbər və yaddaqalan olmuşdur. Konfransın bölmə iclaslarının müzakirələri dünyanın 11 ölkəsində və 14 universitetində keçirilmişdi.  Türkiyə, Almaniya, İtaliya, Serbiya, Rusiya, Çin, Ukrayna, Belarusiya, Gürcüstan və s. kimi ölkələrin nüfuzlu universitetlərində təşkil olunmuş konfrans böyük marağa səbəb olmuşdu. II Beynəlxalq elmi konfrans isə ali təhsil müəssisələri ilə yanaşı, Respublikamızın 10-a yaxın rayon və şəhərində, məcburi köçkün məktəblərində baş tutmuşdu. Konfransın miqyasının məktəblərə yayılması orada təhsil alan şagirdlərin layiqli Azərbaycan vətəndaşı kimi formalaşmasında öz töhfəsini vermişdi. Konfransda həmçinin, Rumıniya, Rusiya, Serbiya, Fransa, İsrail, İndoneziya və s. ölkələrin nümayəndələri iştirak etmişdilər. Ənənəni davam etdirərək bu ilki Beynəlxalq konfrans pandemiya vəziyyəti ilə əlaqədar olaraq onlayn formatda keçirilib.

 

Elm və innovasiya məsələləri üzrə prorektor, professor Novruz Məmmədov konfrans iştirakçılarını salamlayaraq, uğurlar arzu edib. O, əvvəlki illərdə baş tutan konfransları xatırladaraq bildirib ki,  ADU-da keçirilən və artıq ənənə halını almış bu konfransa hər il olduğu kimi bu il də maraq çox böyük olub. Bu ilki konfrans həm də ölkəmizin Böyük Vətən müharibəsində qazandığı parlaq qələbə,  böyük  zəfər  ilə də əlamətdardır,  bu isə öz növbəsində multikultural siyasətin əsasını qoyan Ümummilli liderimiz Heydər Əliyevin uğurlu siyasətinin təzahürüdür. Ulu öndərin qurduğu düzgün daxili və xarici siyasətin nəticəsidir ki, müstəqil Azərbaycan beynəlxalq aləmdə qüdrətli, zəngin, demokratik ölkə kimi mövqeyini günbəgün möhkəmləndirməkdədir.

 

Konfransa 27 təhsil müəssisəsindən 150-dən artıq elmi tezis təqdim olunub. Konfrans iştirakçıları öz rəngarəng və məzmun dolğunluğu ilə seçilən mövzularını təqdim ediblər.

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Rüfət Hüseynzadə belə bir konfransda çıxış etməsindən böyük qurur hissi duyduğunu bildirib. O, Ulu öndərin müəllimlik peşəsinə verdiyi qiymət və  dəyərli fikirlərindən danışıb.

 

ADU-nun dosenti Vidadi Bəşirov da öz növbəsində bildirib ki, cəmiyyətdə mənəvi sağlamlıq pedaqoji fəaliyyətin təzahürüdür. Respublikamızın regionlarında fəaliyyət göstərən ali təhsil ocaqlarından konfransa qatılan əməkdaşların məruzələri təqdirəlayiqdir.

 

Ağdam rayonu 1saylı  tam orta məktəbin müəllimi Könül Aslanovanın “Heydər Əliyev və Azərbaycanın tarixi mədəniyyət mərkəzi Şuşa” adlı məruzəsi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının əməkdaşı Sahilə Ağasiyevanın “Azərbaycanda multikultural və tolerant dəyərlər: Heydər Əliyevin dövlət siyasətinin əsas prinsipləri kimi” mövzusunda çıxışı  maraqla qarşılanıb. Şamaxı rayon, Sabir qəsəbə tam orta məktəbin direktoru Gülnurə Babaşova “Heydər Əliyev və qadın siyasəti” adlı  məruzəsində qadınlara verilən dəyər və diqqətin Ulu öndərin əsas prinsiplərindən biri olduğunu bildirib.

 

Sonra Azərbaycanın  Almaniya, Türkiyə, Gürcüstan, Rumıniya, Ukrayna və s. kimi ölkələrlə olan multikultural əlaqələrini, münasibətlərini əks etdirən maraqlı mövzularda məruzələr dinlənilib.  

 

Bakı Dövlət Universitetinin dosenti Pərvanə İbrahimovanın tələbəsi ilə birgə “İkinci Qarabağ müharibəsi: Türkiyə mediasının yanaşması” adlı məruzə öz aktual məzmunu ilə seçilən çıxışlardan olub.

 

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Gürcüstanşünaslıq şöbəsinin əməkdaşı Kamal Salayevin “Azərbaycanlılarla gürcülərin arasındakı multikultural əlaqələrin formalaşmasında Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti”, Ramilə Dadaşovanın “Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin  BMT-də islahatlar haqqında ideya və təklifləri”, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun dosenti Nigar Axundovanın “Azərbaycan Respublikasının beynəlxalq mədəni əlaqələrində multikulturalizmin yeri” adlı məruzələri Azərbaycanın beynəlxalq siyasətini müfəssəl şəkildə əhatə edən çıxışlar arasında yer alıb.

 

Konfransa həmçinin, Respublikamızın digər universitetləri və elm ocaqlarından, Azərbaycan Dövlət İqtisad Universiteti, ADA Universiteti, Gəncə Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Bakı Avrasiya Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyası, Bakı Biznes Universiteti, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu, İ.Nəsimi adına Dilçilik İnstitutu, Hüquq və İnsan Haqları İnstitutu, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universitetinin  Şamaxı və Cəlilabad filialı əməkdaşlarının tezisləri yer alıb.

 

Azərbaycan Dillər Universitetinin dosenti Elxan Yusifovun  “Heydər Əliyevin Almaniya siyasətinin prioritet cəhətləri” mövzusunda çıxışı konfrans iştirakçılarının marağına səbəb olub.

 

ADU-nun əməkdaşı Iosefina Blazsani-Batto Rumıniya və Azərbaycan arasında strateji əməkdaşlıqdan danışıb, Azərbaycanın mədəni irsini, dilini və ədəbiyyatını gənclər xüsusilə uşaqlar və tələbələr arasında tanıtmaq məqsədilə Azərbaycan nağıllarının nümunəsi əsasında apardığı təcrübəni slayd şəklində konfrans iştirakçılarına təqdim edib.  

 

ADU-nun əməkdaşları ilə yanaşı digər ali təhsil müəssisələrindən olan əməkdaşların məruzələri yüksək qiymətləndirilib.  ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji kollecinin müəllimi Emil Ağayev, Azərbaycan Respublikasının Təhsil İnstitutunun doktorantı  Abdulxaliq Məmmədli, ADU-nun əməkdaşı Aygün Soltanzadə məruzələrini  prezentasiya şəklində konfrans iştirakçılarına təqdim edib. 

 

Konfransda həmçinin Ukrayna, Tatarıstan və Rumıniyanın nüfuzlu  universitetlərdən olan əməkdaşların məruzələri maraqla dinlənilib. Kiyev Milli Linqvistik Universitetinin dosenti Anastasiya Pojar Ukrayna və Azərbaycanın multikultural əlaqələrindən, iki universitet arasında olan sıx əməkdaşlıqdan,  orada fəaliyyət göstərən Azərbaycan mərkəzindən danışıb. O, çıxışın sonunda Azərbaycanı ədaləti bərpa edərək, torpaqlarını işğaldan azad etməsi münasibətilə bir daha təbrik edib. Rumıniyanın A.İ.Kuza adına Yasski Universitetinin dosenti Lyudmila Bejenaru iki ölkə arasında olan sıx əməkdaşlıqdan, Azərbaycanda multikulturalizm sahəsində apardığı 10 illik təcrübəsindən, iki ölkə arasında olan münasibətlərdən, Rumıniyada Azərbaycan Araşdırmalar Mərkəzinin fəaliyyətindən  bəhs edən məruzə ilə çıxış edib.

 

Konfransın bağlanış nitqində Elm və innovasiya məsələləri üzrə prorektor, professor Novruz Məmmədov hər bir iştirakçıya təşəkkürünü bildirib,  səsləndirilən məruzələrin hər birinin maraqlı və əhatəli olduğunu qeyd edib. Ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı prezident İlham Əliyevin bu yöndə apardığı siyasəti yüksək dəyərləndirən professor  Novruz Məmmədov qeyd edib ki,  multikulturalizm sülhün və əmin-amanlığın bərpasına xidmət edən nəzəriyyə və ideyadır. O, həmçinin ADU-nun rektoru, akademik Kamal Abdullanın multikulturalizm sahəsində atdığı addımlardan bəhs edib.

 

Sonda iştirakçılar Universitet rəhbərliyinə və təşkilatçılara maraqlı konfransa görə təşəkkür ediblər.  

Xəbər lenti