Logo

HEYDƏR ƏLİYEV VƏ BAKI DÖVLƏT UNİVERSİTETİ

10.05.2021 11:42 1490 baxış
IMG

Bakı Dövlət Universiteti (BDU) ölkəmizin böyük alimlər, ictimai xadimlər, yaradıcı ziyalılar yetişdirmiş ən qocaman ali təhsil ocağıdır. BDU-nun ən böyük məzunu xalqına, onun mədəniyyətinə və mənəviyyatına son dərəcə bağlı olan, müstəqil Azərbaycanın  xilaskarı, memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevdir.

 

Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsinin məzunu olan Heydər Əliyev həyatının bütün dövrlərində Universitetlə bağlı olmuş, hər zaman bu tədris müəssisəsinə qayğı ilə yanaşmışdır. Bu, onun bitirdiyi Universitetə bağlılığı, ziyalılara olan sevgisi və doğmalığından irəli gəlirdi. Heydər Əliyev BDU ilə bağlı hər hansı qərarın qəbul olunmasından, onun yubileylərinin keçirilməsindən tutmuş, burada çalışanların təltif edilməsi, mükafatlandırılmasına qədər hər bir məsələyə xüsusi həssaslıq göstərir, respublikanın bu ilk elm və təhsil məbədindən diqqətini əsirgəmirdi. Universitetin 50, 60, 75 və 80 illik yubileyləri Ümummilli Lider Heydər Əliyevin iştirakı və rəhbərliyi ilə keçirilmişdir. O, BDU-nun həm Azərbaycan xalqının, həm də Universitetin şöhrətini yüksəklərə qaldıran, xalqına, millətinə əvəzsiz xidmətlər göstərən ən məşhur məzunudur.

 

Heydər Əliyevin 1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi seçilməsi ilə Azərbaycanın tarixində dövlət müstəqilliyinə doğru böyük dönüş və milli oyanış dövrü başladı. Respublikada Heydər Əliyevin müdrik siyasəti nəticəsində 14 il ərzində yaranmış güclü sosial, iqtisadi və intellektual potensial Azərbaycanın müstəqilliyinin bərpası üçün zəmin olmuşdur. 1970-1980-ci illərdə digər sahələrlə yanaşı elm, təhsil, maarif, ictimai-mədəni sahələrdə keyfiyyət dəyişiklikləri baş verdi. Respublikanın tərəqqisinin kifayət qədər savadlı, milli kadrlar hazırlandığı halda mümkün olduğunu qeyd edən Heydər Əliyev Azərbaycanda ali təhsilin inkişafına xüsusi diqqət yetirir, onun şəbəkəsini genişləndirir, tələbələrin sayını artırır, müəllimlərə qayğı göstərirdi. Nəticədə ali məktəblərin maddi-texniki bazası möhkəmləndirildi, cihazlar, müxtəlif ləvazimatlar alınıb gətirildi, yataqxanalar tikildi. Bütün bunlar Azərbaycanda təhsilin səviyyəsinin yüksəlməsinə təkan verdi.

 

Bu illərdə Universitetdə yeni inkişaf və tərəqqiyə nail olunması, fəaliyyətinin hərtərəfli genişlənməsi və təkmilləşməsi üçün geniş imkanlar meydana çıxdı. Bu, ilk növbədə respublika rəhbərliyinin SSRİ tərkibində maksimum müstəqilliyə yönəlmiş səyləri və apardığı siyasəti nəticəsində mümkün olmuşdu. Məhz həmin illərdə Universitetin maddi-texniki bazasının möhkəmləndirilməsi, tədris işinin yaxşılaşdırılması, elmin inkişafı, beynəlxalq əlaqələrin genişlənməsi üçün əlverişli şərait yaradılmış, informatika-hesablama mərkəzi açılmış, yeni tədris binaları, laboratoriya və kafedralar, kitabxana, yataqxana və s. istifadəyə verilmişdi.

 

Ümummilli Lider Heydər Əliyev Azərbaycanın çağdaş inkişafının məhz bu təhsil ocağının nailiyyətləri əsasında mümkünlüyünü qeyd edirdi. Azərbaycanın tarixini, mədəniyyətini, elm və iqtisadiyyatını, bütövlükdə müasir Azərbaycan cəmiyyətini bu elm məbədindən ayrı təsəvvür etmirdi. Azərbaycanın gələcəyini Universitetdə görür, yeni nəslin yetişdirilməsinə hər cür şəraitin yaradılması üçün əlindən gələni edir, inanırdı ki, vətənimizin inkişafı bu təhsil ocağının köməyi ilə baş verə bilər. Ulu Öndər bu məsələyə dövlət siyasətinin prioritet istiqaməti kimi yanaşırdı. Buna görə də Universitet daim təhsilə göstərilən qayğının mərkəzində dayanırdı. Ümummilli lider Heydər Əliyev elm, təhsil, mədəniyyət məbədi olan Universitetə xüsusi qayğı ilə yanaşırdı. Həyata keçirilən tədbirlər Azərbaycanda ali təhsil müəssisələrinin bayraqdarı olan Azərbaycan Dövlət Universitetinin fəaliyyətinə də müsbət təsir göstərdi, Universitetin həyatında intibah dövrü başladı.

 

Məhz bu qayğının nəticəsi idi ki, 1969-cu il noyabrın 1-də Universitetin 50 illik yubileyi dövlət səviyyəsində təntənəli şəkildə qeyd edildi. Heydər Əliyevin F.E.Dzerjinski adına klubda (indiki Şəhriyar adına klub) keçirilən yubiley tədbirində iştirakı və ana dilində nitq söyləməsi təkcə Universitet kollektivi deyil, bütün Azərbaycan cəmiyyəti üçün milli ruhun oyanması istiqamətində bir dönüş anı oldu. Bu nitq totalitar sovet rejiminin o dönəmə qədərki repressiyaları və təqiblərindən əziyyət çəkən Universitet kollektivinin ürəyində ümid çırağı yandırdı. Universitetin həyatında yeni bir keyfiyyət mərhələsinin başlanğıcını qoydu.

 

Universitetin Azərbaycan xalqının həyatında, Azərbaycan elminin inkişafında, iqtisadiyyatımızın yüksəlişində möhtəşəm və səmərəli rolunu vurğulayan Heydər Əliyev çıxışında demişdir: “Bəziləri şəkk gətirib deyirdilər ki, bu iş baş tutmayacaqdır, yaxşısı budur, gəncləri xarici ölkələrin tanınmış universitet mərkəzlərində təhsil almağa göndərək. Bu gün biz həmin inamsızlara deyə bilərik ki, dörd qitənin elçiləri təhsil almaq üçün Azərbaycana gəlirlər. Azərbaycanın ali məktəblərində dünyanın 27 xarici ölkəsinin gəncləri təhsil alırlar. Azərbaycan Universitetinin tarixi xidməti bir də bundadır ki, o, Azərbaycanın xalq təsərrüfatı, elm və mədəniyyəti üçün yüksəkixtisaslı mütəxəssislərin böyük bir dəstəsini hazırlamışdır”. Bakıda Universitetin Azərbaycan xalqının həyatının ağır günlərində yarandığını vurğulayan Heydər Əliyev o dövrdə mövcud olan vəziyyətin belə universitet yaradılması uğrunda hərəkatın qarşısını ala bilmədiyini çox cəsarətlə vurğulayırdı. Belə bir təlatüm içərisində Universitetin yaranmasını qabaqcıl qüvvələrin qələbəsi kimi qiymətləndirən görkəmli siyasi xadim bu mühüm hadisənin doğma xalqı maarifləndirmək, dünya mədəniyyəti və elm xəzinəsinin qapılarını onun üzünə açmaq uğrunda Azərbaycanın ən yaxşı oğullarının bir çox illər ərzində apardıqları mübarizənin yekunu olduğunu göstərirdi. Sovet hakimiyyətinin qurulmasına baxmayaraq, xalqın təkidi ilə Azərbaycan Universitetinin xalq ali məktəbinə çevrildiyini, bu məktəbin qapılarının fəhlə və kəndlilərin üzünə açıldığını və ağır iqtisadi dağıntı şəraitində Universitetin ehtiyaclarına diqqət və qayğı göstərildiyini vurğulayaraq, Azərbaycan İnqilab Komitəsinin 1920-ci ildə qəbul etdiyi ilk dekreti nəzərə çatdırır, Bakı Universitetinin professorları və müəllimlərinin əvəzedilməz işçilər sırasına daxil edildiyini göstərirdi.

 

Heydər Əliyev çıxışında Universitetin qabaqcıl elm və mədəniyyət ocağına, yüksəkixtisaslı kadrlar hazırlayan ali məktəbə çevrildiyini, Azərbaycan xalqının parlaq və özünəməxsus mədəniyyətinin ən yaxşı ənənələrinin Universitetdə inkişaf etdiyini belə açıqlayırdı: “Məşhur filosof Ə.Bəhmənyarın və mütəfəkkir şair Nizaminin, riyaziyyatçı-astronom Nəsirəddin Tusinin və dahi lirik şair Füzulinin, orta əsrlərin böyük alimi F.Rəşidəddinin və üsyankar şair Nəsiminin, tarixçi Bakıxanovun və realist yazıçı M.F.Axundovun, görkəmli satiriklərdən Ələkbər Sabirin, Cəlil Məmmədquluzadənin və bir çox başqalarının adları bu mədəniyyətin çoxəsirlik tarixinin bəzəyidir. Biz Azərbaycan xalqının bu və bir çox digər görkəmli oğullarına ona görə minnətdarıq ki, onlar zülmətli irtica və özbaşınalıq şəraitində Azərbaycan xalqının ictimai fikrinin, elm və mədəniyyətinin məşəlini göz bəbəyi kimi qorumuşlar. Bu gün Azərbaycan Dövlət Universitetinin keçdiyi yarıməsirlik yola yekun vurarkən tam əsasla deyə bilərik ki, yubilyar bu yüksək ada layiq olduğunu özünün bütün fəaliyyəti ilə sübut etmişdir”.

 

Universitetə qəbul prosesinə diqqətlə yanaşan Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev 1970-ci illərdə Universitetə keçirilən qəbul imtahanlarının obyektivliyini təmin etmək üçün həmin proseslərdə şəxsən iştirak edirdi.

 

Ümummilli Liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra təhsil sahəsində həyata keçirilən strateji xətt, digər təhsil ocaqları kimi, Bakı Dövlət Universitetində də əsaslı islahatların aparılmasına şərait yaratdı, onun gələcək inkişafını təmin etdi. 1993-cü ildən tədris fəaliyyətində, elmi-tədqiqat işlərində ciddi irəliləyiş hiss olundu, maddi-texniki bazanı möhkəmləndirmək üçün tədbirlər həyata keçirildi. Hər il Universitetə ayrılan vəsait və tələbə qəbulu artırıldı. Tədris prosesində mühüm islahatlar aparıldı, tədris intizamı möhkəmləndirildi. Heydər Əliyevin qayğısı sayəsində yeni fakültələr və ixtisaslar açıldı. Beynəlxalq əlaqələri genişlənən BDU artıq müstəqil dövlətin aparıcı ali məktəbi kimi, dünyanın qabaqcıl ali məktəblərilə birbaşa əlaqələr qurmaq imkanı qazandı.

 

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 3 sentyabr 1994-cü ildə Universitetin 75 illik yubileyinin keçirilməsi haqqında fərman imzaladı və bununla bağlı yubiley komissiyası yaradıldı. Ölkədə siyasi sabitlik hələ tam bərpa olunmasa da, iqtisadi vəziyyət ağır olsa da, komissiyaya Heydər Əliyevin şəxsən rəhbərlik etməsi dövlət başçısının Universitetin cəmiyyətin həyatında rolu və önəminə verdiyi yüksək dəyər və diqqətin, elm, təhsil və mədəniyyətə qayğısının təcəssümü idi.

 

Ölkə Prezidentinin müvafiq Fərmanına əsasən, həmin il noyabrın 26-da Respublika sarayında (indiki Heydər Əliyev sarayı) Universitetin 75 illik yubileyi təntənəli şəkildə qeyd olundu. Mərasimdəki nitqində BDU-nun yaranmasını əlamətdar hadisə kimi qiymətləndirən Heydər Əliyev BDU-nu “Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı” adlandırdı və dedi: “...Biz Bakı Dövlət Universiteti haqqında danışanda Azərbaycanın həm elmini, həm təhsilini, həm mədəniyyətini, həm də bütün xalqımızın savadlanmasını düşünürük”. Universitet elminin və təhsilinin inkişafına göstərdiyi qayğıya, onun adını və şöhrətini yüksəklərə ucaltdığına, Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərinə görə, BDU Elmi Şurasının 28 oktyabr 1994-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev BDU-nun Fəxri doktoru adına layiq görüldü.

 

BDU dünya şöhrətli məzununun qayğısını hər zaman hiss etmişdir. Məhz görkəmli dövlət xadimi Heydər Əliyevin diqqət və qayğısı nəticəsində  Universitetdə yeni inkişaf və tərəqqiyə nail olunmuş, fəaliyyətinin hərtərəfli genişlənməsi və təkmilləşməsi üçün geniş imkanlar yaranmışdır. Universitet təhsildə, elmin inkişafında, maddi-texniki bazasının möhkəmləndirilməsində böyük uğurları qazanmışdır.

Xəbər lenti