Logo

Dövlət qulluğuna qəbul imtahanlarında 1489 namizəd iştirak edəcək

13.01.2026 15:58 37 baxış
IMG

Dövlət İmtahan Mərkəzi (DİM) yanvarın 15-də dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC altqruplarına və dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB altqruplarına uyğun vəzifələr üzrə test imtahanları keçirəcək.

DİM-dən bildirilib ki, imtahanlar saat 10:00-da və 16:00-da başlanır. Müvafiq olaraq saat 09:45-dən və 15:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar. Namizədlərin imtahana buraxılış vərəqələrində imtahan yeri, vaxtı, binası, imtahana gəlməli olan saat və digər zəruri məlumatlar göstərilib.

İmtahanlara qeydiyyat 2025-ci il dekabrın 19-dan 2026-cı il yanvarın 4-dək aparılıb və bu müddət ərzində 1489 namizəd ərizə təqdim edib. İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Namizədlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni gətirməlidirlər.

İmtahanlar elektron formada kompüter vasitəsilə Bakı və Naxçıvan şəhərlərində 2 binada təşkil olunacaq. İmtahanların keçirilməsi üçün 2 ümumi imtahan rəhbəri, 16 zal admini, 97 nəzarətçi və 14 buraxılış rejimi əməkdaşı ayrılıb.

Xəbər lenti