Logo

DP çərçivəsində oxumaq istəyənlər üçün hansı yeniliklər edilib? – Yeni qaydalar

13.01.2026 15:56 38 baxış
IMG

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2026/2027-ci tədris ili üçün xarici universitetlər və prioritet ixtisaslar üzrə proqramların siyahısı müəyyən edilib.

“Azərbaycan müəllimi”nin məlumatına görə, siyahı Dövlət Proqramında (DP) nəzərdə tutulan 15 prioritet ixtisas sahəsi əsasında hazırlanıb.

Qaydalara əsasən, 2026/2027-ci tədris ilində “Times Higher Education”, “QS World University Rankings” və “Shanghai” reytinq sistemlərində ilk 200-lükdə yer alan universitetlərin doktorantura proqramlarına qəbul alan şəxslər Dövlət Proqramına müraciət edə bilərlər. Sənədlərin qəbulu zamanı yalnız ənənəvi (offline) təhsil forması və siyahıda göstərilən ali təhsil müəssisələri üzrə qəbul olunmuş proqramlar nəzərə alınacaq. İkili və birgə diplom proqramları qəbul edilmir.

Bununla yanaşı, reytinqlərdə ilk 10-luqda yer alan universitetlərdə siyahıya daxil olmayan istənilən ixtisas üzrə bakalavriat, magistratura və doktorantura proqramlarına qəbul alan namizədlər də proqrama müraciət edə bilərlər. Lakin əvvəlki illərdə müraciətlərin çoxluğu nəzərə alınaraq, "University College London" (UCL) üçün bu qayda 2026/2027-ci tədris ilində tətbiq edilməyəcək. UCL üzrə yalnız siyahıda olan proqramlara müraciət qəbul ediləcək.

Eyni zamanda, “mədəniyyət və incəsənət” sahəsi üzrə ayrıca müəyyən edilmiş siyahıya uyğun olaraq, nüfuzlu ali təhsil müəssisələrinin bakalavriat və magistratura proqramlarına qəbul alan şəxslər də Dövlət Proqramından yararlana bilərlər.

Qeyd olunur ki, bəzi proqramların təhsil forması sonradan “executive”, “distant”, “non-degree” və ya siyahıda olmayan tərəfdaş universitetlə “joint degree” formatına dəyişdirilə bilər. Bu halda həmin proqramlar Dövlət Proqramı çərçivəsində qəbul edilməyəcək.

Yeni təsdiqlənmiş siyahıya əsasən, namizədlərə 15 prioritet ixtisas istiqaməti üzrə dünyanın 33 ölkəsini təmsil edən 231 nüfuzlu ali təhsil müəssisəsində ümumilikdə 4121 proqram üzrə təhsil almaq imkanı yaradılıb.

Xəbər lenti