Logo

BDU-da “Aqrar sığorta” fənninin tədrisinə başlanılıb

12.01.2026 11:42 34 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin magistraturasında “Aqrar sığorta” fənninin tədrisinə başlanılıb.

BDU-dan bildirilib ki, “Aqrar sığorta” fənni çərçivəsində tələbələr müxtəlif təbiət hadisələri və digər amillərin əkin sahələri üçün yaratdığı risklər, həmin risklərin qiymətləndirilməsi, sığorta hadisələrinin araşdırılması və zərərin hesablanması metodikalarını mənimsəyirlər.

“Aqrar sığorta” fənninin tədrisinə həsr olunmuş açıq dərsdə Biologiya fakültəsinin dekanı biologiya elmləri doktoru professor Afət Məmmədova dünyada baş verən iqlim dəyişikliklərinin təbiətə və aqrar sahəyə təsirinə diqqət çəkib. O bildirib ki, təbiət risklərinin düzgün qiymətləndirilməsi kənd təsərrüfatı üçün olduqca vacibdir. Professorun sözlərinə görə, bu fənnin tədrisi fakültə məzunlarının əlavə biliklər əldə etməsinə, onların ixtisas imkanlarının genişlənməsinə və biliklərinin praktik sahələrdə tətbiqinə şərait yaradacaq.

Fənnin bilavasitə tədrisi ilə məşğul olan tanınmış mütəxəssis, müstəqil aqrar sığorta eksperti Zülfü Məmmədov ölkəmizdə tətbiq edilən aqrar sığorta mexanizmi, onun üstünlükləri və kənd təsərrüfatı üçün əhəmiyyəti barədə məlumat verib. Ekspert qeyd edib ki, son illər iqlim dəyişiklikləri səbəbindən dolu, şiddətli küləklər, quraqlıq və digər təbiət hadisələrinin sayı əhəmiyyətli dərəcədə artıb. Belə şəraitdə bitkilərə və əkin sahələrinə dəyən zərərin düzgün qiymətləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Açıq dərsdə BDU-nun Biologiya fakültəsinin magistrantı Aysun Əsədlinin "Məhsuldarlığın təyini metodikası" mövzusunda təqdimatı dinlənilib. Təqdimatda bitki zərərlərinin araşdırılması zamanı görüləcək tədbirlər, onların ardıcıllığı, diqqət yetirilməli əsas məqamlar və digər vacib məsələlər ətraflı izah olunub.

Qeyd edək ki, BDU-da aqrar sığortaya dair sözügedən fənnin gələcəkdə bakalavriat təhsil səviyyəsində də tədrisi nəzərdə tutulur. Bu addım ölkənin aparıcı elm ocaqlarından biri olan BDU-da müvafiq ixtisaslar üzrə təhsil alan tələbələrin bilik və bacarıqlarının artırılmasına, onların praktiki təcrübə qazanmasına və aqrar sığorta sistemində fəal iştirakına geniş imkanlar yaradacaq.

Xəbər lenti