Logo

“İRS" beynəlxalq jurnalı ingilis və fransızdilli oxuculara nədən bəhs edir?

10.01.2026 16:44 63 baxış
IMG

Azərbaycanın zəngin tarixini, mədəni dəyərlərini, müasir inkişaf və nailiyyətlərini, gəzməli-görməli yerlərini müxtəlif dillərdə dünyaya tanıdan “İRS" beynəlxalq jurnalının ingilis və fransızdilli oxucular üçün yeni buraxılışları nəşr olunub.

“İRS-Heritage” ingilis dilində 61-ci nömrəsində Azərbaycanın mədəni irsi və incəsənəti, multikulturalizm və birgəyaşayış ənənələri ilə bağllı maraqlı məqalələrlə diqqət çəkir.

Jurnalın bu nömrəsində baş redaktor Musa Mərcanlının “Ekinchi – 150: enlightenment seeds sowed to Azerbaijani ground” ("Əkinçi" – 150: Azərbaycan torpağına maarifçilik toxumları səpildi") sərlövhəli məqaləsində milli mətbuatımızın keçdiyi tarixi yoldan söhbət açılır.

Politoloq Elsevər Salmanovun məqaləsində BMT-nin 80 illik yubileyi və bu beynəlxalq təşkilatın Azərbaycanla əlaqələri, qəbul edilən sənədlər və s. təhlil edilir.

Milli Məclisin deputatı Gülşən Paşayeva Azərbaycanda multikulturalizm, İslam, qadın azadlığı haqqında məqaləsində ölkəmizin dini tolerantlıq sahəsindəki nailiyyətləri, qazandığı uğurlar xarici oxuculara təqdim edilir.

İngiltərədən olan publisist İan Peartın Neft Daşlarına səyahəti, neftçilərlə görüşləri, dünyada ilk dəfə dənizdə neftçi şəhərciyinin yaradılması haqqında təəssüratları “İRS-Heritage”nın bu nömrəsində fotolarla müşayiət olunur.

Tarix üzrə fəlsəfə doktorları Mahfuzə Zeynalovanın ötən əsrin əvvəllərinə antisovet “İldırım” tələbə təşkilatı və Məleykə Hüseynin milli mətbuatımızın yaranması və Həsən bəy Zərdabinin maarifçilik fəaliyyəti haqqında məqalələri tariximizin az tədqiq olunan sahələrinə işıq salır.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Mələk Vəlizadənin unudulmaz sənətkar Rəşid Behbudovla bağlı maraqlı məqaləsi də jurnalın bu nömrəsində dərc olunub.

Jurnalda arxitektura və rəngkarlıqla bağlı məqalələr də xarici oxucuları Azərbaycanın zəngin irsi ilə tanış edir.

***

“İRS” beynəlxalq jurnalının fransız dilində növbəti nömrəsində Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevanın “Faşizm üzərində Qələbədə azərbaycanlıların böyük rolu” adlı məqaləsi dərc olunub. Məqalədə İkinci Dünya müharibəsində Fransa Müqavimət Hərəkatında faşizmə qarşı vuruşmuş azərbaycanlıların rolundan da ətraflı bəhs olunur.

Jurnalda həmçinin Azərbaycanın musiqi tarixinə, bəstəkar qadınlarımıza, XVIII –XIX əsrlərə aid milli memarlıq şedevrlərinə, dünyanın səkkizinci möcüzəsi sayılan Neft Daşları platformasına, ölkəmizin neft tarixinə həsr edilmiş məqalələr də yer alıb.

Şəki Xan sarayı və ölkəmizin turistik imkanlarından bəhs edən məqalələr də oxucular üçün maraqlı olacaq.

Xəbər lenti