Logo

Kamal Abdullanın “Unutmağa kimsə var…” adlı yeni kitabı çapdan çıxıb

10.01.2026 14:11 66 baxış
IMG

Yaddaşın semiotikası və zamanın poetik rekonstruksiyası

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, akademik Kamal Abdullanın yeni nəşr olunan “Unutmağa kimsə var…” adlı xatirələr kitabı müasir Azərbaycan ədəbiyyatında memuar janrının imkanlarını köklü şəkildə dəyişən, yaddaş fenomenini bədii-estetik və elmi-nəzəri müstəvidə təqdim edən modern ədəbi nümunədir. Ədibin yeni kitabı klassik xatirəçilik ənənəsindən fərqli olaraq, keçmişin sadə təsviri ilə kifayətlənmir, zamanı mədəni kateqoriya, yaddaşı isə strukturlaşdırılmış mənalar sistemi kimi təqdim edir. Kitabda xatırlamaq prosesi sadəcə retrospektiv akt deyil, həm də özünü dərk etmənin, zamanı yenidən qurmağın və mənanı bərpa etməyin poetik forması kimi çıxış edir.
Xalq yazıçısı Kamal Abdulla kitabın əvvəlində yerləşdirilmiş “Giriş əvəzi” mətnində oxucu ilə birbaşa dialoqa girərək xatirələrin mahiyyətini aydın şəkildə müəyyənləşdirir. Müəllif açıq şəkildə bildirir ki, burada məqsəd yalnız şəxsi həyat hekayəsinin təqdimatı deyil, bir dövrün ruhunu ifadə etməkdir:
“Mənim əziz Oxucum, səninlə söhbətim təkcə bir adamla bağlı söhbət deyil. Həm də bu adamın həyat, ədəbiyyat, tarix, mədəniyyətlə bağlı düşündükləri, yaşadıqları, duyduqları barədə söhbətdir.”
Burada müəllif mövqeyi dəqiqliklə ifadə edilir: xatirələr fərdi talenin təsviri olmaqdan çıxaraq kollektiv mədəni yaddaşın daşıyıcısına çevrilir. Kamal Abdulla oxucunu ötən əsrin ortalarından başlayaraq müasir dövrümüzə qədər uzanan zaman xəttində gəzdirməklə, Azərbaycan elmi-ədəbi və mədəni mühitinin dəyişən mənzərəsini təqdim edir. Bu prosesdə yaddaş həm şəxsi refleksiya, həm də tarixi şüurun forması kimi çıxış edir.
Kitabın ideya-estetik əsasını yaddaş fenomeninin qeyri-xətti, fraqmentar və çoxqatlı quruluşu təşkil edir. Bu məqamı ön sözün müəllifi Azər Turan nəzəri dərinliklə izah edir, kitabı sırf xatirələr toplusu kimi deyil, Kamal Abdullanın yaradıcılıq poetikasının üzvi tərkib hissəsi kimi dəyərləndirir:
“Ol zamanların nostaljisi Kamal Abdullanın digər kitabları kimi, struktural təfəkkür poetikasında yazılmış, üslubunun parlaqlığı ilə göz qamaşdıran “Unutmağa kimsə var” kitabının da hər səhifəsində görünür. Lakin bu “ol zamanlar” hansı zamanlardır? Bunun semiotik mənasını, buradakı sirrini hansı sözlə, hansı işarə ilə izah etmək olar? Adətən keçənlərin nəqlindən ibarət olan memuarlardan fərqli olaraq, bu kitabdakı zaman sadəcə keçmiş zaman deyil, “ol zamanlar”dır, yəni kitab hansısa fərqli bir zamanın təfsirini verir”.
Bildirilir ki, burada “ol zamanlar” anlayışı xronoloji keçmiş kimi deyil, mədəni yaddaşın və kollektiv şüurun zaman ölçüsü kimi təqdim olunur. Beləliklə, “Unutmağa kimsə var…” klassik memuar janrının çərçivəsindən çıxaraq, zamanın semiotik interpretasiyasına çevrilir.
Azər Turan həmçinin vurğulayır ki, “ol zamanlar” Kamal Abdullanın bütün yaradıcılığı boyunca aparıcı üslub və düşüncə modelidir. Bu üslub “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi”, “Sirlərin sərgüzəşti”, “Unutmağa kimsə yox”, “Laokoon, Laokoon, yaxud bir romanın yazılma tarixçəsi” kimi əsərlərdə müxtəlif formalarda təzahür edir və mif, tarix, müasirlik triadasını vahid estetik sistemdə birləşdirir.
“Unutmağa kimsə var…” kitabının əsas üstünlüklərindən biri elmi təfəkkürlə bədii duyumun üzvi vəhdətidir. Müəllif alim kimliyindən irəli gələn analitik baxışı yazıçı həssaslığı ilə birləşdirərək xatirə janrına yeni keyfiyyət qazandırır. Burada yaddaş epizodları səbəb-nəticə əlaqələri daxilində təqdim olunur, fərdi hadisələr isə ümumiləşdirilmiş mədəni nəticələrə çevrilir. Nəticədə mətn təkcə xatirələr toplusu deyil, intellektual bioqrafiya və yaradıcılıq laboratoriyası funksiyasını daşıyır.
Kitabda dostluq və yoldaşlıq münasibətləri, elmi və ədəbi mühitdə yaşanan mənəvi sınaqlar, yaradıcılıq prosesinin daxili dramatizmi diqqətlə müşahidə olunur. Bu müşahidələr fərdi fakt kimi deyil, müəyyən tarixi-mədəni dövrün etik göstəricisi kimi təqdim edilir.
Beləliklə, Xalq yazıçısı Kamal Abdullanın “Unutmağa kimsə var…” adlı yeni kitabı Azərbaycan memuar ədəbiyyatında yeni keyfiyyət mərhələsini təşkil edir. Əsər yaddaş, zaman və yaradıcılıq problemlərini elmi-bədii müstəvidə kompleks şəkildə əhatə edir, müəllifin zəngin intellektual dünyasını açmaqla yanaşı, Azərbaycan mədəni və ədəbi mühitinin son onilliklərini öyrənmək üçün etibarlı və sanballı mənbə kimi çıxış edir. Kitab müasir oxucular, tədqiqatçılar üçün sadəcə maraqlı oxu materialı deyil, həmçinin yaddaşı düşünməyə, zamanı yenidən dərk etməyə çağıran ciddi intellektual mətndir.


Sadiq Zaman,
filologiya üzrə fəlsəfə doktoru

Xəbər lenti