Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) üzvü, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, müasir Azərbaycan əlifbasının müəllifi Afad Qurbanovun zəngin və çoxşaxəli elmi irsi müasir dövrdə dilçilik elminin aktual problemlərinin həllinə istiqamət verir. Onun çoxcəhətli elmi yaradıcılığı ilə dilçiliyin inkişafında mühüm xidməti olub.
Bu fikirləri müsahibəsində AMEA Nəsimi adına Dilçilik İnstitutunun Terminologiya şöbəsinin müdiri professor Sayalı Sadıqova deyib.
O bildirib ki, Afad Qurbanov ümumi dilçilik, türkologiya, onomastika, mətn dilçiliyi, üslubiyyat və nitq mədəniyyəti sahələrində fundamental tədqiqatların müəllifidir: “Azərbaycan ədəbi və danışıq dili”, “Ümumi dilçilik”, “Türkoloji dilçilik”, “Azərbaycan dilinin onomalogiyası” və digər çoxcildlik əsərləri dilçilik elminin inkişafında mühüm mərhələ hesab olunur.
Azərbaycan dilçiliyində onomastikanın müstəqil elmi sahə kimi formalaşması bilavasitə Afad Qurbanovun adı ilə bağlıdır. Antroponimika, toponimika və etnonimika ilk dəfə sistemli şəkildə onun əsərlərində araşdırılıb, Azərbaycan onomastika məktəbinin əsası qoyulub. Alim, həmçinin Azərbaycan Onomastika Cəmiyyətini və Onomastika Elmi Mərkəzini yaradıb, “Onomastika” jurnalını təsis edib.
Afad Qurbanov müasir latın qrafikalı Azərbaycan əlifbasının müəllifidir. 1990-cı ildə Azərbaycan Əlifba Komissiyasının sədri kimi o, dilimizin fonetik xüsusiyyətlərinə uyğun yeni əlifba layihəsi hazırlayıb və bu layihə ictimaiyyət tərəfindən qəbul olunaraq istifadəyə verilib. Bu əlifba milli birlik və mədəni inteqrasiyanın mühüm vasitəsinə çevrilib”.

Sayalı Sadıqova qeyd edib ki, Afad Qurbanovun ortaq türk əlifbasının yaradılması, türk dillərinin təsnifi və ümumi dilçilik konsepsiyalarının işlənməsi sahəsində də mühüm xidmətləri var: “O, SSRİ Elmlər Akademiyasının Sovet Türkoloqları Komitəsinin sədr müavini, Azərbaycan SSR Elmlər Akademiyasının üzvü, Dövlət mükafatı laureatı olub, eyni zamanda, Milli Məclisdə fəaliyyət göstərib.
Afad Qurbanov pedaqoq kimi də böyük məktəb yaradıb, onlarla elmlər doktoru və fəlsəfə doktoru yetişdirib. Onun yetirmələri bu gün Azərbaycanla yanaşı bir çox xarici ölkələrdə elmi və pedaqoji fəaliyyət göstərirlər.
Afad Qurbanov ömrünü Azərbaycan dilinə, elmə və təhsilə həsr etmiş, alimliyi ilə yanaşı yüksək mənəvi keyfiyyətləri ilə də yadda qalmış nadir şəxsiyyətlərdəndir”.