Logo

Təhsildə islahatların 20 ili: strateji baxış və real nəticələr

09.01.2026 12:09 76 baxış
IMG

Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi fikirlər son 20 ildə təhsil sahəsində aparılan islahatların arxasında dayanan strateji baxışı çox aydın şəkildə ortaya qoyur. Burada söhbət təkcə binalardan, statistik göstəricilərdən yox, insan kapitalından və uzunmüddətli dövlət düşüncəsindən gedir. Prezidentin vurğuladığı kimi, bu gün Azərbaycanın ən böyük üstünlüklərindən biri istedadlı və savadlı gəncləridir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova deyib. O bildirib ki, həm xaricdə, həm də ölkə daxilində təhsil almış gənc mütəxəssislərin artıq dövlət və özəl sektorda aktiv şəkildə çalışması islahatların real nəticəsidir. Xüsusilə dövlət proqramları, o cümlədən “Yüksəliş” kimi təşəbbüslər gənclərin potensialını üzə çıxarmaq, onları təşviq etmək və idarəetməyə cəlb etmək baxımından çox mühüm rol oynayır. Praktika göstərir ki, müasir düşüncəli, bilikli kadrlar rəhbər vəzifələrə gəldikdə institutların işi keyfiyyətcə dəyişir.

G.Əkbərova vurğulayıb ki, son 20 ildə 10 yeni ali təhsil müəssisəsinin yaradılması, onların bir qisminin Rusiya, Fransa, Türkiyə və İtaliya kimi ölkələrlə birgə təsis olunması Azərbaycanın təhsildə beynəlxalq inteqrasiyaya verdiyi önəmin göstəricisidir. Eyni zamanda, Xankəndi Universitetinin yaradılması da təkcə təhsil hadisəsi deyil, dövlətin siyasi iradəsinin və gələcəyə baxışının rəmzidir. Bu addımlar göstərir ki, təhsil ölkənin bütün ərazilərində inkişafın əsas dayağı kimi görülür.

Onun fikrincə, Prezidentin çox önəmli bir məqamı xüsusi vurğulaması da təsadüfi deyil: “Neft və qaz resursları tükənə bilər, amma bilik və savad tükənmir”. Çünki uzunmüddətli inkişafın yeganə təminatı savadlı cəmiyyət, güclü müəllim korpusu və keyfiyyətli təhsil sistemidir. Məhz buna görə müəllimlərin sosial təminatının yaxşılaşdırılması, peşəkarlığın artırılması, qiymətləndirmə və test sisteminin təkmilləşdirilməsi dövlət siyasətinin əsas istiqamətləri kimi müəyyən edilib.

Müsahibimiz bildirib ki, Elm və Təhsil Nazirliyinin yaradılması isə islahatların məntiqi davamıdır. Elm uzun müddət ayrı bir xətt üzrə inkişaf edib və bu, müəyyən boşluqlar yaradıb. Elm və təhsilin bir çətir altında birləşdirilməsi elmi nəticələrin tədrisə, tədrisdə yaranan ehtiyacların isə elmi tədqiqata çevrilməsi baxımından son dərəcə vacib qərardır.

“Ümumilikdə Prezidentin çıxışı göstərir ki, təhsil sahəsində görülən işlər təsadüfi deyil, ardıcıl və məqsədyönlü siyasətin nəticəsidir. Qarşıda hələ çox iş var, amma əsas olan odur ki, dövlət gələcəyini binalarda yox, insanlarda görür. Bu yanaşma isə Azərbaycanın uzunmüddətli və dayanıqlı inkişafı üçün ən doğru yoldur”, - deyə Günay Əkbərova əlavə edib.

Xəbər lenti