Logo

Ümumi orta və tam orta təhsil attestatları elektron sistem üzərindən təqdim ediləcək

08.01.2026 20:27 64 baxış
IMG

Ümumi təhsil haqqında dövlət sənədlərinin təsvirləri və onların verilməsi qaydası təsdiqlənib.

Bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti müvafiq qərar qəbul edib. Qərara əsasən, ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələrini bitirən şəxslərə attestat və attestata əlavə “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) üzərindən “Elektron imza və elektron sənəd haqqında” Qanunun tələblərinə uyğun olaraq elektron sənəd formasında təqdim ediləcək.

Ümumi təhsil haqqında dövlət sənədlərində əks olunan məlumatlar Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilə biləcək və həmin məlumatların təqdim edilməsi attestatın təqdim edilməsinə bərabər tutulacaq. Attestat növbəti səviyyədə və pillədə təhsilin davam etdirilməsi, habelə əmək fəaliyyətinə başlamaq üçün əsas sayılır.

Qaydaya görə, ümumi orta və tam orta təhsil haqqında attestatlar məzunlar təhsil səviyyəsini bitirdikdən sonra 10 iş günü müddətində hazırlanacaq və ümumi təhsil müəssisəsinin rəhbərinin təkmil sertifikatlı gücləndirilmiş elektron imzası ilə təsdiqlənəcək. Elektron qaydada yaradılan attestat və attestata əlavə məzunların və ya onların valideynlərinin elektron kabinetində yerləşdiriləcək.

Sənəddə attestatın növləri, o cümlədən adi, fərqlənmə və xüsusi nümunəli attestatlar, həmçinin attestat və attestata əlavədə göstəriləcək məlumatların ətraflı siyahısı müəyyən edilib. Attestatların həqiqiliyinin yoxlanılması üçün ştrix-kod mexanizmi tətbiq olunacaq. Məzunların müraciəti əsasında təhsil haqqında dövlət sənədləri ingilis dilində də tərtib edilə bilər.

Qayda attestatın verilməsindən imtina halları, attestatın dublikatının verilməsi, səhv məlumatların aradan qaldırılması, attestatın ləğv edilməsi və yenidən tərtib olunması prosedurlarını da tənzimləyir. Attestat itirildikdə, korlandıqda və ya məhv olduqda dublikat yalnız elektron sənəd formasında veriləcək, attestatın və ya attestata əlavənin əvəzinə arayışın təqdim edilməsi isə qadağan edilir.

Qərarın icrası ümumi təhsil sahəsində sənəd dövriyyəsinin rəqəmsallaşdırılmasına, şəffaflığın artırılmasına və təhsil sənədlərinə operativ çıxış imkanlarının genişləndirilməsinə xidmət edir.

Xəbər lenti