Logo

Zəka və elm: dövlət siyasətinin yeni ideoloji xətti

08.01.2026 17:41 79 baxış
IMG

Prezidentin çıxışlarında dəfələrlə vurğulanan “zəka və elm” xətti artıq sadəcə siyasi tezis deyil, dövlət siyasətinin ideoloji ifadəsi kimi formalaşır. Bu yanaşma təsadüfi deyil və qlobal proseslərin məntiqindən irəli gəlir. Təhsil eksperti Kamran Əsədov vurğulayır ki, XXI əsrdə dövlətlərin gücü torpaq və xammalla deyil, insan kapitalının keyfiyyəti, elmi potensialı və intellektual istehsal gücü ilə ölçülür.

Dünya ölkələrinin təcrübəsi bunu açıq şəkildə sübut edir. OECD məlumatlarına görə, elmi-tədqiqat və inkişaf xərclərinin ÜDM-də payı 3 faizdən yuxarı olan ölkələrdə uzunmüddətli iqtisadi artım tempi orta hesabla 1,5–2 dəfə yüksəkdir. Cənubi Koreya ÜDM-nin təxminən 4,9 faizini elmə yönəldir və bu gün dünyanın ən innovativ ölkələri sırasında qərarlaşıb. Finlandiyada bu göstərici 3 faiz civarındadır və ölkə PISA nəticələrində stabil liderliyini qoruyur. Almaniyada universitet–sənaye əməkdaşlığı hesabına elmi tədqiqatların 70 faizdən çoxu real iqtisadi dəyərə çevrilir.

Təhsil eksperti Kamran Əsədov qeyd edir ki, “zəka və elm xətti yalnız təhsilə daha çox vəsait ayırmaqla məhdudlaşmır, burada əsas məsələ düşüncə tərzinin dəyişməsidir”. Onun fikrincə, inkişaf etmiş ölkələrdə elm dövlət strategiyasının mərkəzində dayanır, universitetlər isə diplom verən qurumdan çox bilik istehsal edən mərkəzlər kimi çıxış edir.

Azərbaycan üçün müqayisəli təhlil göstərir ki, son illər müsbət dinamika mövcuddur, lakin hələ ciddi struktur problemlər qalır. Rəsmi statistikaya əsasən, Azərbaycanda elm və təhsilə ayrılan xərclərin ÜDM-də payı təxminən 1 faiz ətrafındadır. Bu göstərici dünya orta göstəricisindən aşağıdır. Təhsil Eksperti Kamran Əsədov sitat gətirir, bildirir ki, “Prezidentin zəka və elmə çağırışı mövcud rəqəmlərlə ziddiyyət təşkil etməməli, real institusional islahatlarla dəstəklənməlidir”.

Kamran Əsədov qanunvericiliyə uyğun olaraq qeyd edir ki, “Azərbaycan Respublikasının ‘Təhsil haqqında’ Qanununda təhsilin məqsədi şəxsiyyətin intellektual, elmi və yaradıcı potensialının inkişafı kimi müəyyən edilir”. Eyni zamanda “Elm haqqında” Qanunda elmin dövlət tərəfindən prioritet sahə kimi dəstəklənməsi açıq şəkildə vurğulanır. Ekspert bildirir ki, hüquqi baza mövcuddur, lakin icra mexanizmləri hələ də zəifdir.

Bu kontekstdə universitetlərin rolu xüsusi tənqid obyektinə çevrilir. Təhsil eksperti Kamran Əsədov vurğulayır ki, “bir çox universitetlər hələ də elmi fəaliyyətə formal yanaşır, məqalə sayı keyfiyyətdən üstün tutulur”. Onun sözlərinə görə, beynəlxalq indekslərdə zəif təmsilçilik, aşağı sitat göstəriciləri və akademik mühitdə real rəqabətin olmaması “zəka və elm” xəttinin ali təhsildə tam reallaşmadığını göstərir. Müqayisə üçün, Estoniyada universitet müəllimlərinin 60 faizdən çoxu beynəlxalq tədqiqat layihələrində iştirak edir, Azərbaycanda isə bu göstərici xeyli aşağıdır.

Təhsil eksperti Kamran Əsədov qeyd edir ki, “dövlət başçısının verdiyi mesaj aydındır: elmə söykənməyən inkişaf modeli artıq keçmişdə qalır”. Onun fikrincə, universitetlər özlərini dəyişmədikcə, tədrislə elmi ayıran köhnə yanaşmadan imtina etmədikcə bu ideoloji xətt real nəticələrə çevrilməyəcək.

Nəticə olaraq, Təhsil Eksperti Kamran Əsədov bildirir ki, Prezidentin “zəka və elm” vurğusu Azərbaycan üçün strateji yol xəritəsidir. Dünya təcrübəsi göstərir ki, bu yolu seçən ölkələr uzunmüddətli sabitlik və rəqabət üstünlüyü qazanır. Azərbaycan üçün əsas çağırış bu ideoloji xətti kağız üzərində deyil, universitet auditoriyalarında, elmi laboratoriyalarda və real elmi nəticələrdə görünən dövlət siyasətinə çevirməkdir.

Xəbər lenti