Logo

Universitetlər iqtisadi artımın və texnoloji tərəqqinin lokomotivi olmalıdır – ŞƏRH

08.01.2026 17:36 73 baxış
IMG

Hazırda Azərbaycan çox maraqlı bir inkişaf dövrünü yaşayır. Çünki biz böyük qələbə qazandıq. Lakin dünyada texnologiyalar çox sürətlə inkişaf edir, innovasiyalar dəyişir, inkişaf gedir. Təbii ki, bizim üçün bu mərhələdə texnoloji trendlərdən geri qalmamaq xüsusi əhəmiyyət daşıyır. Biz bu prosesdə öndə olmalıyıq.

Bu barədə AZƏRTAC-a açıqlamasında ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə deyib.

F.İsmayılzadə qeyd edib ki, dünyada texnologiyalar və innovasiyalar sürətlə dəyişdiyi bir dövrdə ölkəmiz bu proseslərin önündə yer almalıdır: “Süni intellekt, böyük verilənlər və digər qabaqcıl texnologiyaların inkişafı elmi tədqiqatların və innovasiyaların gücləndirilməsini zəruri edir. Bu istiqamətdə geri qalmaq regional rəqabət baxımından risklər yarada bilər”.

Deputat vurğulayıb ki, ölkədə elmi araşdırmaların həm sayının, həm də keyfiyyətinin artırılması, universitetlərdə innovasiya mühitinin genişləndirilməsi vacibdir. “Ölkədə elmin və elmi araşdırmaların sayını və onların keyfiyyətini artırmaq lazımdır. Universitetlərdə innovasiyalar, startap mərkəzlər, tədqiqat mərkəzlərini genişləndirmək vacibdir.

Ali təhsil müəssisələrində startap mərkəzləri, tədqiqat strukturları gücləndirilməli, elm və təhsil vahid inkişaf modeli əsasında formalaşdırılmalıdır. Universitetlərdə müəyyən şərait yaradılmalıdır ki, burada innovasiyalar, yeni məhsullar ortaya çıxsın, bazarın tələbinə uyğun olaraq yeni məhsullar təklif olunsun. Nəticədə, bu təhsil ocaqları ümumi iqtisadi artıma, iqtisadi inkişafa təkan versinlər. Universitetlər yalnız tədris mərkəzi deyil, eyni zamanda iqtisadi artımın lokomotivi olmalıdır”, – deyə o əlavə edib.

Fariz İsmayılzadə xüsusi olaraq süni intellektin əhəmiyyətinə toxunaraq bildirib ki, bu texnologiya artıq bütün sahələrdə geniş tətbiq olunur və Azərbaycanda da onun istifadəsi sistemli şəkildə genişləndirilməlidir. Onun sözlərinə görə, yeni proqram təminatları, tətbiqlər hazırlanmalı, süni intellektin dövlət idarəçiliyində və digər sahələrdə tətbiqi artırılmalıdır.

Deputat qeyd edib ki, bu yanaşma idarəetmədə səmərəliliyin və məhsuldarlığın yüksəldilməsinə mühüm töhfə verə bilər.

Xəbər lenti