Logo

Dövlət dil siyasətində yeni mərhələ: konseptual baxış və milli prioritetlər

08.01.2026 17:24 70 baxış
IMG

Azərbaycan xalqının milli varlığının, mənəvi irsinin və dövlətçilik ənənələrinin təməl daşı olan ana dili, müasir dövrdə təkcə ünsiyyət vasitəsi deyil, həm də milli təhlükəsizlik və strateji özünümüdafiə məsələsidir. Prezident İlham Əliyevin 2025-ci ilin yekunlarına dair son müsahibəsində dilimizlə bağlı səsləndirdiyi fikirlər bu sahədə yeni bir ideoloji yol xəritəsinin cızıldığını göstərir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dili tarixi şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Xədicə Heydərova söyləyib.

Xədicə Heydərova dövlət başçısının bu konseptual yanaşmalarını təhlil edərək, dilin saflığının qorunmasını müstəmləkə təfəkküründən tam azad olmaq və gələcək nəsillər qarşısında mənəvi borc kimi qiymətləndirir. Prezident İlham Əliyev dili dövlətçiliyin ən mühüm atributu və milləti millət edən əsas amil kimi xarakterizə edir. Onun fikrincə, milli kimlik birbaşa dilə bağlıdır; dil pozularsa, milli kimlik və dövlətçilik də təhlükə altına düşər. Xalqın əsrlər boyu müxtəlif imperiyaların tərkibində yaşamasına baxmayaraq, öz dilini qoruya bilməsini böyük bir tarixi nailiyyət və "xalqın böyüklüyü" kimi qiymətləndirir.

“Prezident əcnəbi sözlərin dilə daxil olmasını "zənginləşmə" deyil, "pozulma" hesab edir. O, xəbərdarlıq edir ki, xarici kəlmələr milli kimliyi "damcı-damcı" sarsıdır. Dövlət başçısı Azərbaycan dilini dünyadakı 50 milyon azərbaycanlını birləşdirən ortaq dəyər kimi görür. Xaricdə yaşayan soydaşlarımızın ana dilini sadəcə “məişət səviyyəsində” deyil, mükəmməl dərəcədə mənimsəməsini strateji bir hədəf kimi müəyyənləşdirir.

İlham Əliyev dilin qorunması missiyasında əsas yükü jurnalist və ziyalıların çiyinlərinə qoyur; çünki geniş kütlələrə təsir edən efir məkanı dilin ən çox “sınağa çəkildiyi” və örnək təşkil etdiyi yerdir. Prezidentin bu fikirləri göstərir ki, onun dil siyasəti filoloji yanaşmadan daha çox, strateji və ideoloji mahiyyət daşıyır”, - deyə alim vurğulayıb.

Müsahibimiz qeyd edib ki, müasir dünyada “qapalı məkanda yaşamağın qeyri-mümkünlüyünü” etiraf edən dövlət başçısı internet və sosial şəbəkələrin dilə təsirini bir növ "yumşaq güc"lə mübarizə meydanı kimi görür. Onun "Nə üçün mübarizə?" sualına verdiyi cavab əslində mədəni assimilyasiyaya qarşı bir müdafiə doktrinasıdır.

Onun fikrincə, müsahibədəki "müstəmləkəçilik psixologiyasının fəsadları" ilə bağlı fikir olduqca dərindir. Dilin təmizlənməsi həm də təfəkkürün müstəmləkə qalıqlarından təmizlənməsi deməkdir. Öz ana dilində danışmaqdan utanmaq və ya xarici dildə danışmağı "ağıllı görünmək" vasitəsi hesab etmək Prezident tərəfindən milli natamamlıq kompleksi kimi rədd edilir. "Əcdadlarımızın əmanəti" ifadəsi ilə İlham Əliyev dil məsələsini mənəvi bir borc müstəvisinə keçirir. Bu, gənc nəslə ötürülən bir mesajdır: müstəqil dövlətin vətəndaşı öz dilini müstəmləkə dövründəki atalarından daha yaxşı qorumalıdır.

“Prezidentin müsahibənin davamında elm və təhsildən danışması təsadüfi deyil. Çünki dilin saflığı həm də elmin ana dilində inkişafından asılıdır. Əgər elm dili Azərbaycan dili olmazsa, terminologiya xarici dillərin işğalına məruz qalacaq.

Nəticə olaraq, İlham Əliyevin yanaşması Azərbaycan dilini sadəcə keçmişin mirası deyil, gələcəyin müstəqillik qarantı kimi təqdim edir. Bu, hər bir vətəndaşın, xüsusən də ictimai rəyə təsir edən şəxslərin üzərinə böyük məsuliyyət qoyur”, - deyə X.Heydərova vurğulayıb.

Xəbər lenti