Ağsu rayonunun Şıxməzid abidəsi ərazisində ötən il aparılan arxeoloji qazıntılar zamanı aşkarlanan 18 sikkə numizmatik təyinatının aparılması üçün Milli Azərbaycan Tarixi Muzeyinə təqdim olunub. Sikkələr ilkin olaraq muzeyin bərpa laboratoriyasında təmizlənib və Numizmatika fonduna təhvil verilib. Sikkələrin numizmatik təyinatı Numizmatika fondunun baş mütəxəssisi tarix üzrə fəlsəfə doktoru Aygün Məmmədova tərəfindən aparılıb.
Aygün Məmmədova bildirib ki, aparılan təyinat nəticəsində sözügedən sikkələrin Səfəvi hökmdarı Sultan Hüseynin hakimiyyəti dövründə (1693–1722) Gəncə, Şamaxı, Dərbənd, İrəvan, Təbriz, İsfahan və digər şəhərlərdə zərb olunduğu müəyyən edilib. Gümüş sikkələrin çəkisi 1,3–18,45 qram arasında dəyişir. “Abbasi”, “şahı”, “mahmudi”, “bisti” kimi tanınan bu sikkələrin üzərində ərəb qrafikası ilə dini ifadələr, hökmdarın adı, imamların adları, müxtəlif titullar, zərb edildiyi şəhər və hicri tarix həkk olunub.
Sultan Hüseyn dövründə, həmçinin (1,1–6,9 qram) qızıl sikkələr (misqal və əşrəfilər) dövriyyədə olub.