2025-ci il Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) üçün mühüm nailiyyətlərlə yadda qalıb. Qarşıda isə daha böyük hədəflər dayanır. İl ərzində əldə olunan nəticələr universitetin institusional inkişaf strategiyasının düzgün istiqamətdə formalaşdırıldığını təsdiq edir. Bu uğurların davamlılığını təmin etmək, yeni və innovativ sahələrdə ilk təşəbbüsləri reallaşdırmaq, təhsil və tədqiqat missiyasını ardıcıl şəkildə inkişaf etdirmək, həmçinin UNEC-in dünyanın aparıcı universitetləri ilə rəqabət gücünü artırmaq 2026-cı ildə əsas məqsədlərdəndir.
Bu barədə UNEC-in rektoru Ədalət Muradov məlumat verib.
Rektor qeyd edib ki, UNEC 2026-cı ildə akademik transformasiya prosesini, tədris keyfiyyətinin davamlı şəkildə yüksəldilməsini və akademik innovasiyaya strateji sadiqliyini davam etdirəcək. Bu çərçivədə əsas diqqət tədrisin keyfiyyətinin davamlı yüksəldilməsi, müəllim heyətinin dəstəklənməsi, tədris metodlarının institusional transformasiyası, dayanıqlı idarəetmə, dəyişikliklərin əlaqələndirilməsi və təsirinin ölçülməsi istiqamətlərinə yönələcək.
“UNEC-də tədris keyfiyyətinin artırılması və metodologiyasının təkmilləşdirməsi üçün müəllimlərə dəstək gücləndiriləcək. Müəllim heyəti üçün davamlı mentorluq və peşəkar inkişaf imkanları təmin ediləcək və innovativ tədris yanaşmalarının tətbiqi genişləndiriləcək. Tədris innovasiyalarının akademik qaydalar, tənzimləmələr və universitet strategiyası ilə uyğunlaşdırılması sistemi təkmilləşdiriləcək. Eləcə də akademik transformasiyanın təsirinin ölçülməsi sistemləşdiriləcək və davamlılığı təmin ediləcək. Əsas məqsəd seçilən metoddan asılı olmayaraq, hər bir müəllimin tədrisi daha səmərəli, cəlbedici etmək barədə düşünməsinə nail olmaqdır. Mentorluq, dialoq və praktiki dəstək vasitəsilə müəllimlər arasında davamlı inkişaf, peşəkar özünəinam və pedaqoji məsuliyyət mədəniyyətinin artırılması davam etdiriləcək. UNEC proqramların yenidən dizaynına dəstək, tədris metodologiyaları üzrə ixtisasartırma, qiymətləndirmə üzrə məsləhətlər, innovativ tədris pilotlarına dəstək kimi strukturlaşdırılmış xidmətləri gücləndirəcək”, - deyə Ədalət Muradov bildirib.