Logo

Azərbaycan dili: dövlətçiliyin, milli kimliyin və tarixi yaddaşın dayağı – elmi baxış

06.01.2026 17:29 60 baxış
IMG

Prezident İlham Əliyevin Azərbaycan dili ilə bağlı səsləndirdiyi fikirlər dili sadəcə ünsiyyət vasitəsi kimi deyil, cəmiyyətin bütövlüyünü təmin edən əsas faktor kimi təqdim edir. Dövlət başçısı bu mövqeyi çox aydın şəkildə ifadə edir: “Dil insanları birləşdirir, əhalini birləşdirir”.

Bu yanaşma göstərir ki, dil təkcə ünsiyyət vasitəsi deyil, ictimai münasibətlərin formalaşmasında və sosial inteqrasiyada həlledici rol oynayan əsas amildir. Dil insanların düşüncə tərzini, davranış qaydalarını və ortaq mədəni normaları uyğunlaşdırır, beləliklə, cəmiyyətdə vahid dəyərlər sistemi meydana çıxır. Beləliklə, dil həm mədəni, həm sosial, həm də siyasi inteqrasiya mexanizmi kimi çıxış edir, millətin birliyinin və davamlılığının əsas dayağına çevrilir.

Bu barədə AZƏRTAC-a müsahibəsində Qarabağ Universitetinin Elm şöbəsinin müdiri fililogoya elmləri doktoru Elçin İbrahimov söyləyib.

E.İbrahimov bildirib ki, məhz buna görə Prezident dili dövlətçilik anlayışı ilə birbaşa əlaqələndirir: “Dil dövlətçiliyin əsas atributlarından biridir, bəlkə də birincisidir, bayraqla, gerblə, himnlə birlikdə”. Müsahibimizin sözlərinə görə, bu fikir dilin sadəcə mədəni atribut deyil, dövlətin ideoloji və mənəvi dayağı kimi qəbul edildiyini aydın şəkildə ortaya qoyur. Dövlətçilik anlayışı yalnız inzibati idarəetmə mexanizmləri, hüquqi institutlar və rəsmi strukturlarla məhdudlaşmır; onu yaşadan və davamlı edən əsas amil milli şüurun mövcudluğu və möhkəmliyidir. Dil vasitəsilə tarix nəsildən-nəslə ötürülür, milli dəyərlər qorunur, cəmiyyətin özünü dərketmə səviyyəsi formalaşır. Məhz buna görə dil zəiflədikdə milli şüur da zədələnir, milli şüurun zəifləməsi isə dövlətçilik ideyasının sarsılmasına gətirib çıxara bilər. Bu baxımdan dilin qorunması yalnız mədəni məsələ deyil, dövlətin ideoloji bütövlüyünün və mənəvi davamlılığının təminatı kimi dəyərləndirilməlidir.

“Prezident İlham Əliyev Azərbaycan xalqının tarixi taleyinə toxunaraq, müxtəlif dövrlərdə imperiyaların tərkibində yaşamağın mahiyyət etibarilə müstəmləkəçilik olduğunu açıq şəkildə bildirir. Prezidentin vurğuladığı əsas məqam ondan ibarətdir ki, bütün bu təzyiqlərə və xarici təsirlərə baxmayaraq, Azərbaycan xalqı öz dilini qoruyub saxlaya bilmişdir. Bu, yalnız dilin texniki baxımdan qorunması deyil, həm də milli kimliyin, tarixi yaddaşın və sosial birliyin qorunması deməkdir. Bu baxımdan, dil həm tarixi müqavimətin simvolu, həm də müstəqil dövlət ideyasının davamlılığının əsas dayağı kimi çıxış edir: “Biz bütün dövrlər ərzində dilimizi qorumuşuq və bu gün danışdığımız Azərbaycan dili ulu babalarımızın danışdığı dildən fərqlənmir”.

Dövlət başçısı müstəqillik dövründə dilə münasibətdə yaranan yeni təhlükələrə xüsusi diqqət çəkir. Prezident vurğulayır ki, dilin zənginliyinə töhfə verməyən, əksinə, onu zəiflədən amillər mövcuddur. Xüsusilə əsassız və məqsədsiz şəkildə dilə daxil olan yad sözlər bu təhlükənin ən bariz nümunəsidir”, - deyə o əlavə edib.

Şöbə müdirinin fikrincə, bu fikir dilə daxil olan yad sözlərin yalnız linqvistik problem yaratmadığını, eyni zamanda milli kimlik və sosial-mədəni struktur üzərində də təsir göstərdiyini göstərir: “Xarici kəlmələrin ardıcıl və sistemli istifadəsi nəticəsində, insanlar arasında dil normalarının pozulması, ifadə vasitələrinin məhdudlaşması və milli ifadə mədəniyyətinin zəifləməsi baş verə bilər. Prezidentin diqqət çəkdiyi əsas məqam budur ki, bu proses çox vaxt qismən şüursuz şəkildə baş verir: insanlar yad sözləri estetik və ya funksional səbəblərlə qəbul edə bilər, amma bunun nəticəsi uzunmüddətli perspektivdə dil mühitinin aşınması və milli şüurun zəifləməsi olur. Bu baxımdan, dilin qorunması yalnız qrammatik və leksik səviyyədə deyil, milli kimliyin davamlılığının təminatı kimi strateji əhəmiyyət kəsb edir. Prezident bu fikri davam etdirərək məsələnin mahiyyətini daha da açır: “O kəlmələr milli kimliyimizi də sarsıdır, damcı-damcı, yavaş-yavaş”. Burada təhlükənin miqyası və təbiəti açıq şəkildə ortaya qoyulur. Söhbət yalnız bir-iki yad sözün işlədilməsindən getmir; problem uzun müddət ərzində dil mühitində baş verən tədrici dəyişikliklərdədir. Bu dəyişikliklər dərhal nəzərə çarpmaya bilər, lakin zamanla milli ifadə imkanlarını məhdudlaşdırır, dilin struktur və funksional zənginliyini zəiflədir. Bu proses, həmçinin milli kimliyin görünməyən, amma ardıcıl şəkildə aşınmasına gətirib çıxarır, nəticədə isə dövlətçilik ideyasının dayanıqlılığı da risk altına düşür”.

Prezidentin dil məsələsinə olan həssas yanaşmasının sadəcə mədəni maraqdan irəli gəlmədiyini, əksinə, milli təhlükəsizlik və dövlətçilik davamlılığı ilə birbaşa bağlı olduğunu deyən alim bildirib ki, dilin zəifləməsi yalnız ifadə vasitələrinin itirilməsi deyil, xalqın kimlik, mədəniyyət və dövlətçilik bilincinə ciddi təsir göstərən strateji bir riskdir. Bu baxımdan, dilin qorunması və normativliyinin təmin olunması hər bir vətəndaşın və dövlətin prioritet vəzifəsi kimi dəyərləndirilir. Prezident İlham Əliyev çoxdillilik mövzusunda da balanslı və realist mövqe ortaya qoyur: “Çox dil bilmək yaxşıdır, mən də onun tərəfdarıyam”.

Alimin fikrincə, bu fikir göstərir ki, dövlət başçısı müasir dünyada çoxdilliliyi dəyərli və zəruri bir bacarıq kimi qiymətləndirir. Xarici dillərin öyrənilməsi insanlara qlobal məkanda ünsiyyət, informasiya mübadiləsi və peşəkar imkanlar yaradır, həmçinin fərdi inkişaf üçün əhəmiyyətlidir. Lakin Prezident dərhal prinsipial mövqeyini bildirir: “Xarici dillərdə lazım olan vaxtda danış, amma biz öz dilimizi qorumalıyıq”. Bu yanaşma göstərir ki, çoxdillilik milli dili zəiflətməməlidir. Dilin qorunması dünyadan təcrid olmaq demək deyil, əksinə, milli mövqeyi möhkəmləndirərək milli kimliyi və dövlətçiliyi itirmədən dünyaya açılmaq deməkdir. Burada Prezidentin vurğuladığı əsas məqam, qloballaşma şəraitində dil siyasətində balansın vacibliyidir: xarici dillərdən istifadə zərurət olduqda edilməli, amma ana dilin normativliyi və funksional zənginliyi daim qorunmalıdır.

Xaricdə yaşayan azərbaycanlılarla bağlı Prezidentin mövqeyi də strateji xarakter daşıyır. Onlayn Azərbaycan dili məktəblərinin yaradılması təşəbbüsü bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Bu yanaşma diaspor mühitində dilin nəsildən-nəslə ötürülməsinin artıq təsadüfi deyil, planlı və məqsədyönlü şəkildə aparılmalı olduğunu göstərir.

“Prezident İlham Əliyev media və ziyalıların məsuliyyətini ayrıca vurğulayır: “Efir məkanında ən çox danışan jurnalistlərdir və onlardan xahiş edirəm, xarici kəlmələrdən istifadə etməsinlər”. Burada jurnalistlərə edilən çağırış təsadüfi deyil. Çünki cəmiyyətin danışıq modeli, dilə münasibəti və norma anlayışı əsasən media vasitəsilə formalaşır. Bu mənada media dil siyasətinin faktiki icraçılarından biridir. Nəticə etibarilə Prezident İlham Əliyevin bu çıxışı göstərir ki, Azərbaycan dili məsələsi onun üçün sadəcə mədəni problem deyil, dil Prezidentin baxışında, milli kimliyin qorunması, dövlətçiliyin davamlılığı və tarixi yaddaşın saxlanılması üçün əsas amildir. Azərbaycan dili milli şüurun formalaşmasında, cəmiyyətin birləşməsində və tarixi yaddaşın ötürülməsində mərkəzi rol oynayır”, - deyə o bildirib.

E.İbrahimov vurğulayıb ki, dövlət başçısının “Azərbaycan dilini qorumaq hər birimizin vəzifəsidir” - yekun çağırışı yalnız dilin texniki qorunması ilə bağlı deyil, həm də milli kimliyin və dövlətçilik ideyasının gələcək nəsillərə ötürülməsi mənasını daşıyır. Dilin qorunması hər bir vətəndaşın sosial və mədəni məsuliyyətidir; hər bir söz, hər bir ifadə milli yaddaşın daşıyıcısıdır. Prezidentin vurğuladığı bu prinsip Azərbaycan xalqının birliyini və davamlı inkişafını təmin edən strateji vəzifə kimi qiymətləndirilə bilər. Beləliklə, ana dilinin qorunması həm mədəni, həm siyasi, həm də ideoloji baxımdan prioritet məsələ olaraq ön plana çıxır.

Xəbər lenti