Logo

İqtisadiyyat İnstitutunda “orta gəlir tələsi” mövzusunda elmi seminar keçirilib

06.01.2026 16:46 62 baxış
IMG

Yanvarın 6-da Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun daimi elmi seminarı keçirilib. İnstitutun şöbə müdiri professor Rəsmiyyə Abdullayevanın sədrliyi ilə keçirilən seminarda Polşanın Vistula Universitetinin və Koreya Universitetinin (Cənubi Koreya) professoru Şəhriyar Muxtarov “Postsovet ölkələrində orta gəlir tələsinin mövcudluğunun qiymətləndirilməsi: empirik sübutlar” mövzusunda təqdimatla çıxış edib.

Bu barədə İqtisadiyyat İnstitutundan məlumat verilib.

Məruzəçi bildirib ki, dünyanın müxtəlif ölkələrində orta gəlir tələsi ilə bağlı Dünya Bankı tədqiqatlar aparır. Burada əsasən “orta gəlir tələsi”nə düşmüş ölkələr nəzərdən keçirilir. Bu anlayışa görə, daha aşağı gəlirli ölkə adambaşına düşən milli gəlirin nisbətən yüksək səviyyəsinə keçir, amma həmin nöqtədə ilişib qalır. Onlar yüksək inkişaf səviyyəsinə malik ölkələrlə innovasiya əsaslı məhsul və xidmətlərin yaradılması sahəsində rəqabət apara bilmirlər. Bu tələni aşan Cənubi Koreya kimi 34 ölkə var. Həmin ölkələrin orta gəlirli ölkədən yüksək gəlirli ölkəyə keçməsini təmin edən iki amil olub: investisiyaya əsaslanan artımdan innovasiyaya əsaslanan artıma keçiblər və iqtisadiyyatın strukturunun mükəmməlliyini təmin etməyə nail olublar. Buna yüksək təhsil, elm, innovasiyalar və yüksək texnologiyaların, rəqabətqabiliyyətli insan kapitalının inkişafı və iqtisadiyyatda səmərəli tədbiqidir.

Professor Ş.Muxtarov ölkələrin “orta gəlir tələsi”nə düşməsinin səbəbləri, ona təsir edən çoxsaylı amillər, habelə bu tələdən çıxmağın əsas problemləri və yolları barədə danışıb. Ayrı-ayrı ölkələrin gəlirlərinə təsir edən başlıca amilləri və inkişaf meyillərini təhlil edib. Tədqiqatçının fikrincə, gəlirləri artıran inkişaf üçün ölkədə institusional və innovasiya mühiti mühüm amillər olmaqla yanaşı, innovasiya yaradacaq elmi potensial, innovasiya əsaslı sənaye formalaşmalıdır.

Sonra suallar cavablandırılıb, mövzu ətrafında geniş müzakirələr aparılıb.

Xəbər lenti