Təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi məqsədilə ölkə üzrə minlərlə təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) və müxtəlif növ internet rabitə kanalları vasitəsilə çıxışla təmin edilib. Ötən il ümumilikdə 4254 təhsil müəssisəsi ATŞ və internetə qoşulub. Onlardan 2526-sı genişzolaqlı optik rabitə (1755-i fiber-optik (FO), 771-i isə GPON), 1448-i simsiz, 280-i isə ADSL rabitə kanalları vasitəsilə internet xidmətlərindən istifadə edir.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Görülən işlərin davamı olaraq, rəqəmsal təhsil mühitinin formalaşdırılması istiqamətində “Rəqəmsal məktəb” platforması da uğurla tətbiq olunur. Hazırda Bakı şəhəri üzrə dövlət ümumi təhsil müəssisələrində geniş istifadə edilən platformadan ümumilikdə 685 mindən çox istifadəçi yararlanır. Onlardan 39 min nəfəri müəllim, 379 min nəfəri şagird, 267 min nəfəri isə valideyndir.