Logo

Atestatla xaricdə təhsil alan tələbələr üçün XƏBƏRDARLIQ

03.01.2026 14:07 49 baxış
IMG

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov çıxışlarının birində qeyd edib ki, attestatla qəbul olan vətəndaşların taleyi sıxıntılı olur. Bu halda sual yaranır ki, attestatla qəbul mexanizminin saxlanılması nə dərəcədə məqsədəuyğundur və bu modelin təhsildə keyfiyyətə və məzunların gələcək karyera imkanlarına mənfi təsirinin qarşısını almaq üçün hansı əsaslı dəyişikliklər zəruridir?

AzEdu.az-a mövzu ilə bağlı təhsil eksperti Ramin Nurəliyev danışıb. 

O, qeyd edib ki, bu o demək deyil ki, bütün atestatla gedilən universitetlərin diplomları tanınmır:

"Dünyanın əksər yerlərində atestatla ali təhsil müəssisələrinə qəbul mövcuddur. Hazırda bizim ali təhsil müəssisələrinə də xarici tələbələr atestatla qəbul ola bilirlər. Xarici tələbələr istədikdə atestat və digər imtahan nəticələri ilə Azərbaycan universitetlərinə müraciət edə bilərlər və bizdə onların qəbulunu həyata keçiririk. Yəni, bu, dünyanın hər yerində mövcuddur və qanuna uyğun həyata keçirilir.

Problem odur ki, bəzi hallarda xaricdə təhsil şirkətləri və valideynlər özləri uşaqlarını xarici ali təhsil müəssisələrinə göndərərkən, Təhsildə Keyfiyyətin Təminatı Agentliyinin rəsmi internet saytında olan tanınmayan və ya problemli universitetlərin siyahısına baxmadan müraciət edirlər və ya xaricdə təhsil şirkətlərinə aldanırlar. Bu halda onların diplomları tanınmır".

Diplom natamam təsdiq olunsa belə, tələbəyə hərbi xidmət üçün xüsusi arayış verilir

"Buradan valideynlərə və abituriyentlərə bildirmək istəyirəm  ki, xarici ali təhsil müəssisələrinə atestatla müraciət edəcəklərsə, mütləq agentliyin rəsmi saytında universitetin tanınma statusunu yoxlasınlar. Əgər universitet siyahıda varsa, boşuna xərc etməsinlər. Məsələn, hal-hazırda Ukrayna universitetləri tanınmır, çünki distant və hibrid təhsil ekvivalent deyil. Türkiyə universitetlərinin qiyabi (açıq-öyrətim) forması da tanınmır. Bəzi Gürcüstan, MDB, Rusiya və Belarus universitetlərinə müraciət edərkən də eyni qaydaya əməl olunmalıdır. Bu o demək deyil ki, bütün atestatla gedilən universitetlərin diplomları tanınmır. Misal üçün, Türkiyə universitetlərinə əyani təhsil üçün atestatla daxil olanların diplomları tanınır. Problem bəzi tibbi, hüquqi və kompüter yönümlü ixtisaslarda ortaya çıxır.

Yeni qaydaya görə iki formalı diplom təsdiqi mövcuddur: natamam təsdiq və tam təsdiq. Natamam təsdiq nə deməkdir? Məsələn, bir tələbə Türkiyədə  Dövlət Universitetlərinin birində hüquq təhsili alıbsa, diplomunu Azərbaycana gətirmədən əvvəl orada apostil etdirməlidir. Apostil etdikdən sonra diplom rəsmi olaraq tanınır. Diplomun natariyal qaydada tərcüməsi lazım deyil, amma istəyə bağlıdır. Tələbə imtahana çağırılır və imtahandan müvəffəq olsa, diplom tam təsdiq olunur. İmtahandan keçə bilməsə, Azərbaycan ali təhsil müəssisələrində müəyyən müddət kurs keçərək ixtisasını mənimsəyir və sonra yenidən imtahana çağırılır. Müvəffəq olarsa, diplom tam təsdiq edilir.

Natamam təsdiqin müsbət cəhətlərindən biri odur ki, məsələn, diplom natamam təsdiq olunsa belə, tələbəyə hərbi xidmət üçün xüsusi arayış verilir. Bu arayışla xidmət birbaşa bir il davam edir, sonra tələbə diplomunu tam təsdiqlədə bilir. Mövcud qaydaya görə, bütün atestatla gedənlərin diplomları avtomatik tanınmır. Valideynlər və abituriyentlər agentliyin rəsmi saytında universitetin adını yoxlamalı və siyahıda varsa, həmin universitetə müraciət etməməlidirlər".

 

Məltəm Anar

Xəbər lenti