Logo

Ombudsman ADPU kollecinin tələbələrilə görüşüb, insan hüquqları ilə bağlı seminar keçirməyi təklif edib

29.12.2025 16:26 32 baxış
IMG

Ombudsman Səbinə Əliyeva "Konstitusiya və Suverenlik İli" və "İnsan hüquqları aylığı" çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində tələbələrlə görüşüb, insan hüquqları ilə bağlı seminar keçirməyi təklif edib.

Məqsəd gənclər və təhsil ictimaiyyəti arasında Konstitusiya dəyərlərinin, dövlət suverenliyinin, insan hüquq və azadlıqlarının mahiyyətinin təbliği, hüquqi biliklərin artırılması, habelə insan hüquqlarının müdafiəsi mexanizmləri barədə məlumatlılığın gücləndirilməsidir.

Tədbirin bədii hissəsində Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsinə həsr edilən videoçarx nümayiş etdirilib, tələbələrin ifasında musiqi, şeir və rəqs kompozisiyaları təqdim olunub.

Ombudsman çıxışında bildirib ki, Azərbaycan Konstitusiyası ən yüksək və birbaşa hüquqi qüvvəyə malik əsas qanun kimi yalnız cəmiyyət həyatının ən mühüm ictimai münasibətlərini tənzimləməklə kifayətlənmir, dövlətin hüquqi əsaslarını müəyyən edir, vətəndaşların hüquqi düşüncəsinin və hüquq mədəniyyətinin inkişafı üçün etibarlı zəmin yaradır:

"Azərbaycan beynəlxalq hüquq normalarına uyğun olaraq öz milli qanunvericiliyini mütəmadi olaraq insan hüquqlarının daha səmərəli təmini baxımından təkmilləşdirir. Bu proses milli hüququ inkişaf etdirməklə yanaşı, ölkəmizi dünya birliyində nüfuzlu və dayanıqlı dövlətə çevirmək məqsədinə xidmət edir. İnsan hüquqları sahəsində əldə edilən mühüm nailiyyətlər və dövlətin suverenliyinin qorunması Azərbaycanın beynəlxalq aləmdə möhkəm mövqe tutmasına və etibarlı tərəfdaş kimi tanınmasına təkan verir. Bu, ölkəmizin qlobal məsələlərdə fəal iştirakını təmin edir və onun beynəlxalq hüquq və əməkdaşlıq platformalarında söz sahibi olmasına imkan yaradır".

Səbinə Əliyeva Ombudsmanın hüquqi dövlətin və güclü vətəndaş cəmiyyətinin inkişafında tələbə gənclərin fəal mövqeyini və təşəbbüskarlığını mühüm amil hesab etdiyini diqqətə çatdırıb, onların bu sahədə iştirakını davamlı şəkildə təşviq və dəstəklədiyini söyləyib.

Azərbaycan Dövlət Pedaqoji Kollecin direktoru Amaliya Sezgin vurğulayıb ki, ilk dəfədir orta-ixtisas təhsili müəssisəsində insan hüquq və azadlıqlarına həsr edilmiş belə böyük tədbir keçirilir.

Tədbirin sonunda Səbinə Əliyeva tələbələrin suallarını cavablandırıb, kollecdə insan hüquqları ilə bağlı maarifləndirici seminar keçirməyi təklif edib.

Xəbər lenti