Logo

TÜRKPA ilə Türk Akademiyası arasında əlaqələrin perspektivləri müzakirə olunub

28.12.2025 14:48 30 baxış
IMG

Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi səfir Ramil Həsən Qazaxıstana rəsmi səfəri çərçivəsində Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev ilə görüşüb.

Bu barədə TÜRKPA-dan məlumat verilib.

Görüş zamanı tərəflər TÜRKPA ilə Türk Akademiyası arasında əlaqələrin cari vəziyyəti və perspektivlərinə dair geniş müzakirələr aparıblar. TÜRKPA-nın səlahiyyətləri çərçivəsində qanunvericilik çərçivəsi və qanunvericiliyin uyğunlaşdırılması, parlament diplomatiyası və parlamentlərarası əməkdaşlığın digər sahələri ilə bağlı məsələlərə, o cümlədən Türk Akademiyasının elm, təhsil, tədqiqat, arxeoloji qazıntılar və digər mühüm elmi nailiyyətlər əldə etdiyi sahələr üzrə həyata keçirdiyi fəaliyyətə xüsusi diqqət yetirilib.

Həmçinin Türk Akademiyasının təqdirəlayiq nailiyyətlər əldə etdiyi ortaq türk tarixi, əlifbası, coğrafiyası, ədəbiyyatı kimi sahələr üzrə əməkdaşlıq məsələləri də müzakirə olunub. Hər iki təşkilat rəhbərləri iki qardaş qurumun 2026-cı ildə Türk dünyasının ortaq strateji maraqlarına uyğun olaraq müvafiq addımlar atmasına şəraitin yaradılması istiqamətində sıx və səmərəli əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Bununla bağlı TÜRKPA, eləcə də Türk Akademiyası tərəfindən koordinatorlar təyin edilib və bu koordinatorlar vasitəsilə ikitərəfli əməkdaşlığın yeni inkişaf mərhələsi üçün imkanların yaradılması məsələsi vurğulanıb.

Görüşdə Türk Akademiyasından vitse-prezidenti Bülent Bayram, ekspertlər Dinmuhammed Ametbek və Aynur Mayemerova iştirak ediblər.

Görüş zamanı Baş katibi onun müavini Talqat Aduov və Protokol xidmətinin rəisi Yadigar Məmmədov müşayiət ediblər.

 

Xəbər lenti