Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) əməkdaşları ölkənin aparıcı ali təhsil müəssisələrində pedaqoji fəaliyyət göstərərək müxtəlif ixtisaslar üzrə bakalavr və magistrantların hazırlanmasında fəal iştirak edirlər.
NKPİ-dən bildirilib ki, hazırda institutun alim və mütəxəssisləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetində 13, Bakı Ali Neft Məktəbində 7, Bakı Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Xəzər Universiteti, Azərbaycan Dövlət Dəniz Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetində hər birində 1, Qərbi Kaspi Universitetində isə 2 nəfər olmaqla, dərs deyir və gənc tədqiqatçılara elmi rəhbərlik edirlər.
Qeyd edək ki, akademik Yusif Məmmədəliyevin 1961-ci ildə vəfatından sonra onun kabineti qorunub saxlanılıb, 1985-ci ildə isə alimin 80 illik yubileyi münasibətilə NKPİ-də xatirəsinə həsr olunmuş kabinet-muzey yaradılıb. 2012-ci ildən etibarən memorial muzey statusu alan bu məkan hazırda “Akademik Yusif Məmmədəliyevin Memorial muzeyi” adı ilə fəaliyyət göstərir.
Muzeydə alimin həyat və fəaliyyəti, elmi və pedaqoji nailiyyətləri, kəşfləri, eləcə də milli-mədəni dəyərlərimizin qorunub saxlanılmasında göstərdiyi xidmətləri əks etdirən eksponatlar müasir tələblərə uyğun şəkildə nümayiş etdirilir.
Akademik Y.H. Məmmədəliyevin adını şərəflə daşıyan Neft-Kimya Prosesləri İnstitutunun uzun illər ərzində qazandığı bu nailiyyətlər görkəmli alimin zəngin elmi irsinin bu gün də layiqincə davam etdirildiyini bir daha təsdiqləyir.