Logo

Filarmoniyada dirijor Nazim Rzayevin 100 illiyinə həsr edilmiş konsert

14.12.2025 12:06 37 baxış
IMG

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli dirijor Nazim Rzayevin (1925–2006) anadan olmasının 100 illiyinə həsr edilmiş konsert keçirilib.

Tədbirin əvvəlində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Zümrüd Dadaşzadə maestronun həyat və yaradıcılıq yolu barədə məlumat verib. Qeyd edib ki, Nazim Rzayev Çaykovski adına Moskva Dövlət Konservatoriyasında skripka ixtisası üzrə təhsil alıb. 1951-ci ildə təhsilini başa vurduqdan sonra Bakıya qayıdaraq Azərbaycan Dövlət Opera və Balet Teatrının orkestrində ifaçı və konsertmeyster kimi çalışıb.

1958-ci il maestro Nazim Rzayevin yaradıcılıq bioqrafiyasında mühüm dönüş nöqtəsi olub. Həmin ildən başlayaraq o, dirijor kimi çıxış etməyə başlayıb və Opera və Balet Teatrının orkestri ilə Azərbaycan operasının demək olar ki, bütün şah əsərlərinə dirijorluq edib. Altımışıncı illər nəslinin parlaq nümayəndəsi kimi o, ölkəyə yeni musiqi-estetik tendensiyalar gətirmiş, bununla da milli musiqi mühitinin inkişafına mühüm töhfə verib. Maestro həmçinin Azərbaycan Dövlət Konservatoriyasında (indiki BMA) və digər musiqi təhsili müəssisələrində pedaqoji fəaliyyət göstərib

Yubiley gecəsində Azərbaycan Dövlət Opera və Balet Teatrının baş dirijoru Əməkdar artist Əyyub Quliyevin rəhbərliyi ilə  Qara Qarayev adına Dövlət Kamera Orkestri və solistlər – skripkaçı Elvin Xoca Qəniyev və vokalçı Aytac Şıxəlizadə (metso-soprano) çıxış ediblər.

Konsert proqramında G.F.Hendelin “Suda musiqi” №3 süitası, F.Mendelsonun “Skripka və orkestr üçün konsert”, P.İ.Çaykovskinin “Günmü hökm sürür” romansı, A.Vesolovskinin Bakıda ilk dəfə səslənən “Mələklərin nəğməsi”, həmçinin Qara Qarayevin “Mən sizi sevirdim” və “Gürcüstan təpələrində” romansları, eləcə də Fikrət Əmirovun “Min bir gecə” baletindən “Şəhzadənin bayramı” kompozisiyası yer alıb.

***

Nazim Rzayev musiqi mədəniyyətimizin inkişafında böyük rol oynayıb. Qara Qarayev adına Dövlət Kamera Orkestrinin formalaşması da onun adı ilə birbaşa bağlıdır. Nazim Rzayev kollektivin ilk bədii rəhbəri və baş dirijoru olub, orkestrin peşəkar məktəb və ənənələrinin formalaşmasında mühüm zəmin yaradıb. Məhz buna görə biz onun xatirəsinə xüsusi konsert proqramı hazırlamağı özümüzə borc bildik. 

Əməkdar artist Əyyub Quliyev bu sözləri AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib.

Dirijor qeyd edib ki, bu gün demək olar ki, Nazim Rzayevin qoyduğu xətti və yaratdığı ənənələri davam etdirirəm: "Kamera orkestri həmişə bizi öz nailiyyətləri, maraqlı proqramları, konsertləri, xarici qastrolları ilə sevindirib. Bu, ən çevik və dinamik inkişaf edən kollektivlərdən biridir. Heyətdə nəsillərin təbii yenilənməsinə baxmayaraq, orkestr ənənələri qoruyur. Gənc musiqiçilər ilk rəhbər tərəfindən qoyulan təməli yaxşı bilirlər və ona hörmətlə yanaşırlar.

Əyyub Quliyev şəxsi xatirələrini bölüşüb: “Atam mərhum Xalq artisti, tarzən Ramiz Quliyev Nazim Rzayevlə dostluq edirdi. Mənə danışırdı ki, onlar müxtəlif əsərlərin üzərində birlikdə çalışıblar, birgə fotolarını da görmüşəm. Sonralar məni konkret olaraq hansı əsərləri ifa etdikləri maraqlandırdı. Atam deyirdi ki, onlar dəfələrlə plenumlarda, qurultaylarda çıxış ediblər və bir çox Azərbaycan bəstəkarının əsərləri ilk dəfə Nazim Rzayevin rəhbərliyi ilə kamera orkestrinin ifasında səslənib”.

Əyyub Quliyevin sözlərinə görə, Nazim Rzayev həqiqətən hərtərəfli musiqiçi olub: "O, fəaliyyətinə skripkaçı kimi başlayıb, Opera və Balet Teatrında orkestrin konsertmeysteri kimi çalışıb, yəni güclü orkestr məktəbinə malik musiqiçi olub. Sonralar o, dirijorluğa keçib. Onu yalnız kamera musiqisi yox, həm də opera-balet repertuarı maraqlandırıb. Onun yaradıcılıq bioqrafiyasında xüsusi yeri Fikrət Əmirovun “Min bir gecə” baleti tutur. Bu şah əsərin səhnə taleyi Nazim Rzayevin adı ilə sıx bağlıdır. O, baletin əsas dirijorlarından biri olub və baletin uğuruna görə SSRİ Dövlət mükafatına layiq görülüb".

***

Mənim üçün belə bir konsertdə iştirak etmək böyük şərəfdir. Nazim Rzayev Azərbaycan mədəniyyət dünyasının görkəmli şəxsiyyəti, ölkə üçün çox iş görmüş insan idi. Buna görə də bu gün burada, xatirə gecəsində olmaq və onun irsinə ehtiram göstərmək xüsusilə vacibdir.

Bunu isə yubiley konsertinin solisti, virtuoz skripkaçı, Əməkdar artist Elvin Xoca Qəniyev bildirib.

İfaçının sözlərinə görə, Nazim Rzayev tərəfindən yaradılmış kamera orkestri ilə eyni səhnədə çıxış etmək imkanı da onun üçün xüsusi əhəmiyyət daşıyır: “Bu, çox yüksəksəviyyəli bir kollektivdir və mənim üçün onlarla eyni səhnəni bölüşmək vacibdir”.

 

Xəbər lenti