Logo

Bu il ərzində folklor irsinin toplanması, tədqiqi və nəşri üzrə əldə olunan nəticələr müzakirə edilib

13.12.2025 21:27 30 baxış
IMG

AMEA Folklor İnstitutunun Elmi şurasının genişləndirilmiş iclasında 2025-ci ildə folklorun toplanılması, tədqiqi və nəşri istiqamətində əldə olunan mühüm nəticələr müzakirə edilib. Hibrid formatda keçirilən iclasda bir sıra şöbələrin il ərzində həyata keçirdikləri toplama, tədqiqat, həmçinin nəşr işləri barədə ətraflı məlumat təqdim edilib.

Bu barədə Folklor İnstitutundan məlumat verilib.

Ağsu, Ağdaş, Bərdə və Yevlax rayonlarında yaşayan domların folkloru tədqiq edilib

Folklorun toplanması və sistemləşdirilməsi şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru İlkin Rüstəmzadə şöbənin 2025-ci il üzrə hesabatını təqdim edib. Qeyd olunub ki, 2025-ci ildə şöbə tərəfindən 6 mövzu üzrə tədqiqat aparılıb, bunlardan 3-ü tamamlanıb, 3-ü isə davam etdirilir. Şöbə əməkdaşları tərəfindən “Azsaylı xalqların folkloru” seriyasından VII cildin nəşrə hazırlanması başa çatdırılıb. Ağsu, Ağdaş, Bərdə və Yevlax rayonlarında yaşayan, xalq arasında “qaraçı” adı ilə tanınan domların folkloruna həsr olunub. İlk dəfə olaraq, Azərbaycanın müxtəlif bölgələrində yaşayan domların etnik-mədəni irsi araşdırılıb, onların folklor nümunələri toplanaraq çap üçün hazırlanıb. Kitabda domların köçəri həyatı, oturaqlaşması, idarəçilik sistemi, dilləri və qədim qaraçı dilinin qalığı hesab edilən 200-dən çox söz və ifadə təqdim olunub.

“Qərbi Azərbaycan folkloru” seriyasının V cildi çapa hazırlanıb

Eyni zamanda, müvafiq şöbə tərəfindən “Qərbi Azərbaycan folkloru” seriyasının V cildi çapa hazırlanıb. Kitabda Aşıq Ələsgər haqqında rəvayətlər, Qərbi Azərbaycan bölgəsində qurban ənənəsi, çiy ehsan, siğə qardaşlığı, təzə gəlini bulaq üstünə çıxartmaq, uşaqların asudə vaxtını səmərəli təşkil edən canbar mərasimləri və bölgənin etnik-mədəni həyatını əks etdirən digər materiallar yer alıb.

Həmçinin şöbə əməkdaşlarının fəlsəfə və elmlər doktoru hazırlığı üzrə dissertasiya işlərinin vəziyyəti barədə məlumat verən İ.Rüstəmzadə bu istiqamətdə də işlərin uğurla davam etdiyini, ovçu folkloru ilə bağlı kitabın nəşrə hazırlandığını, Lənkəran folklor nümunələrinin toplanılması prosesinə başlanıldığını vurğulayıb.

İlkin Rüstəmzadə bildirib ki, 2025-ci ildə şöbə əməkdaşları yerli və xarici elmi jurnallarda, həmçinin bir sıra konfranslarda məqalələr dərc etdirib.

Türk xalqları folkloru üzrə 6 kitab nəşr edilib

Sonra AMEA Folklor İnstitutunun Türk xalqları folkloru şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Əfzələddin Əsgər tərəfindən müvafiq şöbənin elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabat təqdim olunub. O, bildirib ki, şöbə 2025-ci il ərzində türk xalqlarının mədəni irsinin araşdırılması, şifahi nümunələrin toplanması, tərcüməsi və nəşrə hazırlanması istiqamətində mühüm nəticələr əldə edilib.

Hesabata əsasən, şöbənin builki fəaliyyətinin əsas məzmununu türk xalqları folklorunun araşdırılması, Azərbaycan və digər türk xalqlarına məxsus nümunələrin sistemləşdirilməsi, bölgələrdən folklor materiallarının toplanması və elmi-ictimai diskursda fəal iştirak təşkil edib. “Goroğlu” eposunun türkmən qolları, Azərbaycan epik folklorunun kiçik janrları və “Noqayın qırx batırı” silsiləsi üzrə 2023–2025-ci illəri əhatə edən üç əsas istiqamətdə aparılan tədqiqatlar uğurla tamamlanıb və yeni nəşrlər üçün möhkəm zəmin yaradıb.

Şöbənin əldə etdiyi mühüm nəticələr barədə çıxış edən aparıcı elmi işçi, filologiya üzrə fəlsəfə doktoru Elnarə Əmirli qeyd edib ki, toplama, tədqiqat, tərcümə və elmi-nəşr sahələrində əldə olunan nəticələr türk xalqlarının ortaq mədəni dəyərlərinin öyrənilməsinə fundamental töhfə verir və elmin inkişafına mühüm dəstək göstərir. İl ərzində şöbə əməkdaşları xarici və respublika səviyyəsində ümumilikdə 27 konfrans və simpoziumda iştirak edərək şöbənin beynəlxalq elmi məkandakı təmsilçiliyini daha da gücləndiriblər.

Ümumilikdə Türk xalqları folkloru şöbəsi əməkdaşlarının 2025-ci il ərzində 34 məqaləsi dərc edilib, 6 elmi kitab nəşr edilib, həmçinin 6 məqalə “Scopus”, 2 məqalə isə “Web of Science” elmi bazalarında indekslənən jurnallara təqdim olunub.

“Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər” jurnalının xüsusi nömrəsi gələn il ingilis dilində nəşr ediləcək

Daha sonra AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoy şöbənin fəaliyyəti, elmi tədqiqat istiqamətləri və cari ildə əldə olunan mühüm nəticələr barədə geniş məlumat verib. O qeyd edib ki, Mifologiya şöbəsinin əməkdaşları il ərzində çoxsaylı elmi simpozium və beynəlxalq konfranslarda iştirak edib, əldə olunan nəticələri müxtəlif TV və radio proqramlarında geniş ictimaiyyətə çatdırıblar. Şöbə, həmçinin onun baş redaktoru olduğu “Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər” jurnalının da nəşrə hazırlanması üzrə işləri uğurlar həyata keçirib. Belə ki, ildə iki nömrəsi dərc olunan jurnalın bütün nömrələri nəşr edilib. 2026-cı ildə jurnalın xüsusi nömrəsinin ingilis dilində olmaqla hazırlanması və nəşr etdirilməsi nəzərdə tutulub.

Ümumilikdə, Mifologiya şöbəsi əməkdaşlarının 2025-ci il ərzində beynəlxalq konfrans və simpoziumlarda 55 məqaləsi yayımlanıb, 8 elmi kitab nəşr edilib, həmçinin 3 məqalə “Scopus”, 2 məqalə isə “Web of Science” elmi bazalarında indekslənən jurnallara təqdim olunub.

“Dədə Qorqud” elmi-ədəbi toplusunun hazırlanması il ərzində uğurla davam etdirilib

İnstitutun Dədə Qorqud şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Ramazan Qafarlı 2025-ci il üzrə şöbənin hesabatını təqdim edib. O bildirib ki, şöbə 2025-ci il ərzində fəaliyyət istiqamətlərini sistemli şəkildə davam etdirib və bir sıra mühüm elmi-nəşriyyat işlərini həyata keçirib. Hesabata görə, şöbə əməkdaşları “Kitabi-Dədə Qorqud” dastanının müxtəlif aspektlərdən araşdırılması, eposun müqayisəli təhlili və elmi-nəzəri yanaşmaların genişləndirilməsi sahəsində mühüm nəticələr əldə edib.

Şöbənin əsas fəaliyyət istiqamətlərindən biri olan “Dədə Qorqud” elmi-ədəbi toplusunun hazırlanması il ərzində uğurla davam etdirilib. Professor Ramazan Qafarlının baş redaktorluğu ilə hazırlanan dərginin məsul katibi, filologiya üzrə fəlsəfə doktoru Xalidə Məmmədova olmaqla, şöbənin bütün əməkdaşları redaktə və korrektə işlərində yaxından iştirak edib. 2025-ci ildə dərginin 1-ci, 2-ci və 3-cü nömrələri çap olunub, 4-cü nömrənin hazırlanması isə yekunlaşmaq üzrədir.

Hesabat ilində şöbə əməkdaşları xaricdə 7, respublikada isə 18 elmi məqalə nəşr etdirib. Şöbə beynəlxalq və respublika əhəmiyyətli 23 konfransda iştirak edərək məruzələr təqdim edib, müzakirələrdə çıxışlarla elmi mövqeyini nümayiş etdirib.

2024–2025-ci illər ərzində şöbə əməkdaşları bir sıra monoqrafiyalar nəşr etdirib, o cümlədən “Dünyanın özündən keçib zamanı içində yerləşdirən Bəxtiyar Vahabzadə” əsəri oxuculara təqdim olunub. Həmçinin şöbə əməkdaşları media sahəsində də fəal olub, radio və televiziya proqramlarında çıxışlar edərək, mətbuatda məqalələr dərc etdiriblər.

Ümumilikdə, 2025-ci ildə AMEA Folklor İnstitutunda fəaliyyət planına müvafiq olaraq istər fundamental elmi tədqiqatlar, nəzəri araşdırmalar sahəsində, istər toplama və nəşriyyat fəaliyyəti, istərsə də beynəlxalq əməkdaşlıq sahələrində mühüm nəticələr əldə olunub. Bu nəticələr institutun Azərbaycan folkloru və mədəni irsinin araşdırılmasındakı strateji rolunu daha da möhkəmləndirir.

Xəbər lenti