Logo

Azərbaycan Universitetində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

12.12.2025 15:49 30 baxış
IMG

Azərbaycan Universitetində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdən əvvəl universitetin kollektivi Fəxri xiyabanda olub, Heydər Əliyevin məzarını ziyarət edib. Ümummilli Liderin məzarı önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad olunub.

Bu barədə TƏHSİL.BİZ-ə Azərbaycan Universitetindən bildirilib.

Universitetin tədris binasında keçirilən anım tədbirində Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz tarixi xidmətlərinə nəzər salınıb. Həmçinin Ümummilli Liderin Azərbaycanın müstəqilliyini möhkəmləndirən strateji qərarları, milli inkişaf yolunu müəyyənləşdirən tarixi irsi, Azərbaycan elmi və təhsilinin inkişafına qayğısı diqqət mərkəzində olub.

Tədbirdə Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru Yusif Qasımov qeyd edib ki, Heydər Əliyev Azərbaycan dövlətçiliyi tarixində silinməz izlər qoyub, böyük dövlət xadimi, strateq və vətənpərvər kimi ölkənin taleyində həlledici rol oynayıb. Azərbaycanın son 30 illik tarixinin hər səhifəsində onun imzası aydın görünür. Ümummilli Liderin 1990-cı illərin ortalarından etibarən kərpic-kərpic qurduğu inkişaf strategiyasının real nəticələri artıq özünü göstərir. Məhz həmin strateji kurs sayəsində Azərbaycan xalqı öz ərazi bütövlüyünü bərpa edib, tam suverenliyini təmin edib və bu gün müstəqil dövləti, bayrağı və himni ilə qürur duyur.

Tədbirdə AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Əliyevşünaslıq şöbəsinin müdiri tarix elmləri doktoru Ədalət Qasımovun “Ulu Öndər Heydər Əliyev və elmin inkişafı” və Azərbaycan Universitetinin Siyasi və ictimai elmlər kafedrasının professoru Qabil Əliyevin “Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyini möhkəmləndirmək tədbirləri” mövzusunda məruzələri dinlənilib.

Məruzələrdə Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, müstəqilliyin dayanıqlı əsaslarının formalaşdırılması, elm və təhsil sahəsində apardığı islahatlara müxtəlif aspektlərdən əhatəli şəkildə nəzər salınıb, Ümummilli Liderin elmi potensialın gücləndirilməsi, elmi müəssisələrin modernləşdirilməsi və alimlərin fəaliyyətinə göstərdiyi yüksək diqqət xüsusi vurğulanıb.

Biznes və iqtisadiyyat fakültəsinin təşkilatçılığı ilə keçirilən anım tədbiri fakültənin tələbələri Aytən Aslanova və Nəzrin Məmmədzadənin “Ulu Öndər Heydər Əliyevin iqtisadi islahatları” mövzusunda təqdimatları ilə yekunlaşıb.

Xəbər lenti