Azərbaycan xalqı 12 dekabr tarixini Ümummilli Lider Heydər Əliyevin anım günü kimi dərin ehtiram və böyük minnətdarlıq hissi ilə yad edir. Bu tarix təkcə xatırlama mərasimi deyil, Azərbaycan dövlətçilik modelinin ideya əsaslarını, müasir inkişaf konsepsiyasının kökünü və milli siyasi ideologiyanın formalaşma prosesini elmi müstəvidə qiymətləndirməyə imkan yaradan mühüm bir gündür.
Dövlətçilik tarixi göstərir ki, hər bir xalqın taleyində milli təhlükəsizlik, dövlət quruculuğu, sosial-siyasi sabitlik və inkişaf kimi amillərdə həlledici rol oynayan nadir şəxsiyyətlər olmuşdur. Azərbaycan xalqı üçün belə bir lider, sözün əsl mənasında xilaskar missiyasını öz üzərinə götürən Heydər Əliyev olmuşdur.
Ulu Öndərin çoxşaxəli siyasi irsi, dövlət idarəçiliyi təcrübəsi, milli məfkurə formalaşdırmaq bacarığı, strateji uzaqgörənliyi və xalqla dövlət arasında etimad mühitini yaratmaq qabiliyyəti müasir Azərbaycan elmi tərəfindən müxtəlif sferalarda – politologiya, tarixşünaslıq, idarəetmə nəzəriyyəsi, milli təhlükəsizlik elmləri və humanitar sahələrdə sistemli şəkildə araşdırılır.
Bu baxımdan Heydər Əliyev irsinin tədrisi və elmi tədqiqi, xüsusilə də pedaqoji ənənələri ilə seçilən Azərbaycan Dövlət Pedaqoji Universiteti üçün xüsusi əhəmiyyət daşıyır. Heydər Əliyev yalnız böyük siyasi lider deyil, həm də dövlətin ideoloji dayaqlarını gücləndirən və milli şüuru yüksəldən müstəsna şəxsiyyətdir. Onun Azərbaycana rəhbərlik etdiyi dövrlər ölkəmizin tarixində ziddiyyətli proseslərin, mürəkkəb geosiyasi şərtlərin və böyük dəyişikliklərin yaşandığı mərhələlərlə üst-üstə düşür.Buna baxmayaraq, həmin dövrlərin hər birində Ulu Öndər yüksək intellekti, siyasi iradəsi, çevik strateji düşüncəsi və xalqına bağlılığı ilə ölkəni təhlükələrdən çıxarmağı bacarmışdır.
1969–1982-ci illər Azərbaycan tarixində “inkişaf və dirçəliş dövrü” kimi səciyyələndirilir. Heydər Əliyevin həmin illərdə iqtisadiyyatın strukturunu yeniləməsi, sənaye və kənd təsərrüfatını canlandırması, milli kadr siyasəti yürütməsi və sosial infrastrukturun qurulmasına verdiyi töhfələr respublikanın inkişafını təmin etmişdir.
Bu dövr həm də Azərbaycan elminin, mədəniyyətinin, təhsilinin yüksəlişi ilə yadda qalmışdır. ADPU kimi elmi-təhsil müəssisələri də həmin illərdə keyfiyyətli inkişaf mərhələsinə keçmişdir.
XX əsrin sonlarında Azərbaycanın qarşı-qarşıya qaldığı siyasi parçalanma, silahlı toqquşmalar, iqtisadi tənəzzül və dövlət institutlarının iflic vəziyyəti respublikanın mövcudluğunu sual altına almışdı.
1993-cü ildə Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışı dövlətçilik təfəkkürünün yenidən bərpası, milli təhlükəsizliyin təmin edilməsi və müstəqilliyin qorunması baxımından tarixi dönüş nöqtəsi oldu.
Xüsusilə “Əsrin müqaviləsi” adlanan neft strategiyası Azərbaycanın iqtisadi təhlükəsizliyinin, sosial rifah modelinin və beynəlxalq əməkdaşlıq əlaqələrinin təməl prinsipi kimi bu gün də öz aktuallığını qoruyur. Elmi ədəbiyyat bu mərhələni “müstəqilliyin möhkəmləndirilməsi dövrü” kimi qiymətləndirir.
Ulu Öndərin dövlətçilik fəaliyyətində milli sərhədlərin qorunması, sərhəd infrastrukturunun yaradılması və təhlükəsizlik strategiyasının formalaşdırılması xüsusi bir istiqamət təşkil edirdi. Onun uzaqgörənliyi ilə sərhəd xidməti müasir standartlara uyğunlaşdırıldı, hüquqi baza formalaşdırıldı və dövlətin suverenliyinin qorunması üçün etibarlı mexanizmlər yaradıldı.
Bu siyasətin davamı olaraq Azərbaycan bu gün regionun ən güclü ordu və təhlükəsizlik sistemlərindən birinə malikdir. Bu möhkəm təməllər 2020-ci il Vətən müharibəsində özünün real nəticəsini göstərdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında əldə olunan tarixi zəfər Heydər Əliyevin yaratdığı dövlətçilik kursunun məntiqi davamı və parlaq nəticəsi kimi dəyərləndirilir.
Bu gün ölkənin sosial-iqtisadi inkişafı, beynəlxalq aləmdə artan nüfuzu, modern idarəçilik sistemi, multikultural və humanitar siyasəti Ulu Öndərin müəyyən etdiyi strategiyanın yeni mərhələdə daha geniş miqyasda həyata keçirildiyini göstərir.
Prezident İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident Mehriban Əliyevanın humanitar sahədə reallaşdırdığı təşəbbüslər müasir Azərbaycanın intellektual, sosial və mədəni mühitini daha da zənginləşdirir.
Azərbaycan Dövlət Pedaqoji Universiteti Ulu Öndərin elmə, təhsilə və maarifçiliyə verdiyi yüksək dəyəri daim öz fəaliyyətinin əsas istiqamətlərindən biri kimi qəbul edir. Universitetdə Heydər Əliyev irsinin tədqiqi və tədrisi sistemli şəkildə aparılır; tələbələrin milli-mənəvi dəyərlər ruhunda yetişdirilməsi, dövlətçilik şüurunun formalaşdırılması və vətənpərvərlik ideyalarının aşılanması prioritet məsələlərdəndir.
12 dekabr – Heydər Əliyevin anım günü Azərbaycan xalqı üçün böyük mənəvi əhəmiyyət daşıyan bir gündür. Bu tarix, Ulu Öndərin dövlət quruculuğu, milli təhlükəsizlik, siyasi sabitlik, iqtisadi inkişaf və məfkurə formalaşdırılması sahələrində qoyduğu möhkəm təməllərin yad edilməsi ilə yanaşı, həm də müasir Azərbaycanın hansı əsaslar üzərində yüksəldiyini anlamaq baxımından böyük dəyərə malikdir.
Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının yaddaşında müdrik lider, qətiyyətli dövlət xadimi, dərin zəkaya malik strateq və milli birliyin simvolu kimi yaşayır.
Onun irsi gələcək nəsillər üçün dövlətçilik dərsidir və ADPU kimi elm-təhsil ocaqlarının bu irsin öyrənilməsi və təbliği istiqamətində gördüyü işlər milli ideoloji sistemin möhkəmləndirilməsinə mühüm töhfədir.
Allah rəhmət eləsin.
Bəhman Hüseynli
ADPU-nun Heydər Əliyev mərkəzinin mütəxəssisi