Logo

Türkiyə və Azərbaycan məktəbliləri arasında onlayn görüş keçirilib

11.12.2025 14:38 40 baxış
IMG

Bursa Azərbaycan İnnovasiya və Həmrəylik Dərnəyinin (BAİDD) təşəbbüsü ilə ötən il başlanan “Qardaş məktəb” layihəsi bu il də mənalı görüşlə davam edib.

BAİDD-nin sədri Lətifə Nağdaliyeva açıqlamasında bildirib ki, Bakının 191 nömrəli tam orta məktəbi ilə Bursanın Koç orta məktəbi arasında qurulan könül körpüsü şagirdlərin qələmindən süzülən səmimi məktublarla daha da möhkəmlənir. Onun sözlərinə görə, iki məktəb arasında keçirilən onlayn görüşdə Bakının 191 nömrəli məktəbin direktoru Leyla Məcidova, 6A sinif müəllimi Günel Məmmədova, 6B sinif müəllimi Gülüzə Əfəndiyeva, Bursanın Koç orta məktəbinin direktoru Ali Cünnük, direktor müavini Alper Çiftçi, 6C və 6H siniflərinin şagirdləri, eləcə də BAİDD-nin rəhbərliyi və üzvləri iştirak ediblər.

Görüşdən əvvəl oktyabrın 22-də Bursadan göndərilən məktublara Bakıdan dekabrın 10-da yazılan cavablar şagirdlərə təqdim olunub. Daha sonra məktəblilər səmimi söhbətlər edib, bir-birinə maraqlı suallar ünvanlayıblar.

Bildirilib ki, BAİDD tərəfindən səhnələşdirilən Azərbaycan xalq rəqsi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Koç məktəbinin şagirdləri də ənənəvi geyimlərdə çıxış edərək bu anlara rəng qatıblar.

Proqramın sonunda Alper Çiftçi və Demet müəllimə “Xarıbülbül” nişanı, məktəbin direktoru Ali Cünnükə isə Azərbaycan xalçasını əks etdirən tablo təqdim edilib.

“BAİDD olaraq Türkiyə-Azərbaycan qardaşlığını gənc nəsillərin qəlbində yaşatmağı və mədəniyyətlər arasında körpülər qurmağı davam etdiririk”, - deyə Lətifə Nağdaliyeva vurğulayıb.

Xəbər lenti