Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Enterprise Azerbaijan” portalı tərəfindən təşkil olunan “Startup School 3” layihəsi çərçivəsində həyata keçirilən “Yaşıl və rəqəmsal İpək yolu” beynəlxalq akselerasiya proqramında ən fəal iştirakçılardan biri kimi xüsusi uğur qazanıb.
Universitetdən TƏHSİL.BİZ-ə bildirilib ki, proqramın yekun tədbiri “Demo Day” Azərbaycan İnnovasiya Mərkəzində baş tutub.
Tədbirdə “Enterprise Azerbaijan” portalının rəhbəri, AzMİU-nun Layihələrin idarə edilməsi kafedrasının dosenti İsa Qasımov çıxış edərək layihənin həyata keçirilməsi, əldə olunan nəticələr və regionda innovasiya mühitinin formalaşmasında AzMİU-nun fəal rolunu vurğulayıb. O, universitetin startap ekosistemində artan nüfuzunun bu kimi beynəlxalq proqramlarda daha aydın şəkildə görünməsindən məmnunluğunu bildirib.
“Demo Day”də Azərbaycan və Türkiyədən olan komandalar layihələrini beynəlxalq münsiflər heyətinə təqdim ediblər. ABŞ, Malta, Türkiyə və Azərbaycanın aparıcı vençur fondlarını təmsil edən münsiflər layihələri qiymətləndirərək ən perspektivli startapları seçiblər.
AzMİU tədbirdə geniş heyətlə təmsil olunub: Layihələrin idarə edilməsi kafedrasının tədris köməkçi heyət üzvü Selcan Quluzadə, tələbələr Davud Abdullayev, Fidan Abdulla, Günel İsmayılzadə, Murad Şərifzadə və Bəxtiyar Mirzəyev layihələri ilə çıxış ediblər.
Universitetin iki komandası kafedranın baş müəllimi, İnnovativ biznes və inkubator bölməsinin rəhbəri Rasim Abdullayevin mentorluğu ilə 140 startap arasından seçilərək final mərhələsinə yüksəlib.
AzMİU tələbəsi Davud Abdullayevin startapı “Demo Day”də təqdim olunan layihələr arasında 7 ən yaxşı startapdan biri elan edilib.
Məlumat üçün bildirək ki, akselerasiya proqramına Azərbaycan, Türkiyə, Gürcüstan, Qırğızıstan, Pakistan, Çin daxil olmaqla 6 ölkədən 140 müraciət daxil olub, bunlardan 126-sı təlim və mentorluq mərhələsində iştirak edib. Təlimlər yaşıl enerji, rəqəmsal transformasiya, süni intellekt, "AgroTech", "EduTech", "MedTech" və digər istiqamətləri əhatə edən beynəlxalq ekspertlərin iştirakı ilə həyata keçirilib.