Dekabrın 9-da Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində görkəmli bəstəkar, Xalq artisti, professor Tofiq Bakıxanovun 95 illik yubileyinə həsr edilən “Azərbaycanın ictimai-siyasi və elmi-mədəni gerçəkliyində Bakıxanovlar sülaləsi” mövzusunda elmi-praktik konfrans keçirilib.
Ədəbiyyat Muzeyindən TƏHSİL.BİZ-ə bildirilib ki, elmi-praktik konfransda muzeyin direktoru akademik Rafael Hüseynov “Bakıxanovlar sülaləsinin davam edən dərsləri” mövzusunda məruzə ilə çıxış edib. Akademik bildirib ki, tariximizə onlarla ali rütbəli hərbçi, ictimai və mədəniyyət xadimləri bəxş etmiş Bakıxanovlar həmişə öz fəaliyyətləri ilə soyadlarına daha artıq başucalığı gətirməsi üçün çalışıblar. Professor Tofiq Bakıxanov da bu şəcərənin ənənələrini ləyaqətlə davam etdirərək Azərbaycan incəsənətinə əvəzsiz töhfələr verib. O, Azərbaycan musiqi mədəniyyətinin inkişafına xidmət edən böyük bəstəkar, mahir ifaçılıq imkanlarına malik skripkaçı, milli musiqiçi kadrların yetişməsində əməyi olan gözəl pedaqoq, professor, musiqi sənətinin müxtəlif problemlərinə həsr olunmuş elmi-publisistik məqalələrin müəllifi, mədəniyyətimizi xarici ölkələrdə geniş təbliğ edən fəal ictimai xadim kimi tanınır. Görkəmli bəstəkarın bütün yaradıcı fəaliyyəti Azərbaycan musiqi mədəniyyətinin inkişafında xüsusi mərhələ kimi qiymətləndirilir.
Akademik Rafael Hüseynov professor Tofiq Bakıxanovun zəngin yaradıcılığı, bəstəkarlıq irsi haqqında ətraflı məlumat verib. Bildirib ki, Tofiq Bakıxanovun həyatında və yaradıcılığında onun nəsil şəcərəsinə və ənənələrə bağlılığı özünü qabarıq şəkildə büruzə verir və bu bağlılıq əlamətdar hadisələrdə müşayiət olunur. O, görkəmli tarzən-pedaqoq və muğam bilicisi Əhmədxan Bakıxanovun ailəsində dünyaya gəlib. Böyük sənətə aparan yolunu dahi Üzeyir Hacıbəylinin bələdçiliyi ilə skripkaçı kimi başlayan Tofiq Bakıxanov ömrü boyu ustadının və soyadının ona həvalə etdiyi vəzifələrə və meyarlara sadiq qalıb.
Tofiq Bakıxanovun çoxşaxəli yaradıcılığının dövlətimiz tərəfindən də daim yüksək qiymətləndirildiyini deyən akademik Rafael Hüseynov onun “Şöhrət” və “Şərəf” ordenlərinə, “Xalq artisti” fəxri adına layiq görüldüyünü vurğulayıb. Prezident İlham Əliyevin 2025-ci il 8 dekabr tarixli Sərəncamı ilə isə Tofiq Bakıxanovun Azərbaycan musiqi mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edildiyini diqqətə çatdırıb.
Akademik Rafael Hüseynov bəstəkarın Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş yeni simfonik poeması “Həmişə bizimləsən” kitabını təqdim edərək, nəşrin işıq üzü görməsi münasibətilə mədəniyyət ictimaiyyətini təbrik edib. O, unudulmaz şəxsiyyətin böyük yolunu musiqi dili ilə əks etdirən simfonik poemanın əhəmiyyətini qeyd edib, kitaba “Şəxsiyyətin cazibəsi” sərlövhəli “Ön söz” yazdığını bildirib.
Muzeyin direktoru ustad sənətkarı anadan olmasının 95, yaradıcılıq fəaliyyətinin 75 illiyi münasibətilə təbrik edib, ona cansağlığı və yaradıcılıq uğurları arzulayıb.
Sonra muzeyin direktor müavini fəlsəfə üzrə fəlsəfə doktoru Kəmalə Nuriyeva “Soyunun və soyadının layiqli təmsilçisi Tofiq Bakıxanov” adlı məruzəsini təqdim edib. Məruzədə bəstəkarın simfonik muğam sahəsində yenilikləri və Azərbaycan musiqi mədəniyyətinə xidmətləri xüsusi vurğulanıb.
Daha sonra filologiya üzrə fəlsəfə doktoru Gülnar Əqiq “Abbasqulu ağa Bakıxanov: həyatı, ədəbi-bədii mühiti və elmi irsi” mövzusunda çıxış edərək maarifçi alimin XIX əsr Azərbaycan ictimai fikir tarixində rolundan və irsinin aktuallığından danışıb. Məruzədə, həmçinin Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm” və digər əsərləri sadalanaraq onun zəngin ədəbi-bədii və elmi irsinin Qafqaz tarixşünaslığında əhəmiyyətindən bəhs edilib.
“Abbasqulu ağa Bakıxanov obrazı yaddaşlarda və təsviri sənətdə” adlı məruzə ilə çıxış edən sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülsəba Həsənova isə maarifçinin Ədəbiyyat Muzeyinin ekspozisiyasındakı bədii nümunələrdə əksi və bu əsərlərin A.Bakıxanov irsinin təbliğinə verdiyi töhfələr barədə məlumat verib.
Tədbirdə Tofiq Bakıxanovun atası Əhməd Bakıxanovun xatirəsinə həsr olunan kompozisiya səsləndirilib.
Sonda Tofiq Bakıxanovun əsərlərindən nümunələr təqdim olunub.