AMEA-nın prezidenti akademik İsa Həbibbəyli görkəmli Çin riyaziyyatçısı Liu Huinin 1800 illik yubileyi münasibətilə keçiriləcək tədbirdə iştirak etmək üçün ölkəmizdə səfərdə olan Çin Elm və Texnologiya Assosiasiyasının direktoru Ruan Cao və nümayəndə heyəti ilə görüşüb.
Bu barədə TƏHSİL.BİZ-ə AMEA-dan bildirilib. AMEA-nın Rəyasət Heyətində baş tutan görüşdə çıxış edən akademik İsa Həbibbəyli son illərdə ölkələrimiz arasında əlaqələrin strateji tərəfdaşlıq müstəvisinə yüksəldiyini, Azərbaycanın Çinin “Bir kəmər, bir yol” layihəsini dəstəklədiyini söyləyib.
Akademik İsa Həbibbəyli Azərbaycan ilə Çinin akademik və ali təhsil müəssisələri arasında da son illərdə münasibətlərin genişləndiyini, Milli Elmlər Akademiyasının Çin Sosial Elmlər Akademiyası, Hebey Sosial Elmlər Akademiyası, Honkonq Kore Akademiyası, Pekin Xarici Dillər Universiteti və Hebey Pedaqoji Universiteti ilə sıx əməkdaşlıq etdiyini bildirib. Bundan əlavə, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Çin Tədqiqatları Mərkəzinin doktorantı tərəfindən Çin arxetipləri haqqında fəlsəfə doktorluğu dissertasiyasının müdafiə edildiyini diqqətə çatdırıb. Bundan əlavə, Ədəbiyyat İnstitutunda Azərbaycan şairlərinin Çinə həsr olunmuş şeirlərinin toplanaraq çapa hazırlanması barədə qonağa məlumat verib.
Akademik İsa Həbibbəyli, həmçinin AMEA-nın 80 illik yubiley yığıncağında iştirak etmək üçün ötən ay Çindən geniş nümayəndə heyətinin ölkəmizdə səfərdə olduğunu, həmin alimlərlə səmərəli görüşlərin keçirildiyini bildirib.
Son illərdə Akademiyada aparılan tədqiqatlar barədə qonağa məlumat verən akademik İsa Həbibbəyli bu gün humanitar və ictimai elmlərdə süni intellektin tətbiqi və rəqəmsal inkişafın təmin edilməsinin başlıca hədəflərdən olduğunu deyib.
AMEA rəhbəri Çin Elm və Texnologiya Assosiasiya ilə də əməkdaşlığın faydalı olacağını söyləyib, gələcək tərəfdaşlıq üçün təkliflərini diqqətə çatdırıb.
Sonra çıxış edən Çin Elm və Texnologiya Assosiasiyanın direktoru Ruan Cao səmimi qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Rəhbərlik etdiyi qurum barədə məlumat verən Ruan Cao AMEA və Azərbaycan alimləri ilə müxtəlif sahələrdə əməkdaşlıqda maraqlı olduqlarını deyib, təkliflərini dilə gətirib. Qonaq dünyaşöhrətli riyaziyyatçı Liu Huinin yubileyinin Parisdə və bir sıra şəhərlərdə keçirildiyini, Azərbaycanın da yubiley tədbirinə verdiyi dəstəyə görə minnətdarlığını ifadə edib.
Sonda qonaqlar AMEA-nın Rəyasət Heyətinin binası ilə tanış olublar.