Logo

Beynəlxalq elmi jurnalın tərtibi üzrə təqdimat - azərbaycanlı alimlərin dünyaya çıxışı asanlaşır

09.12.2025 10:46 109 baxış
IMG

AMEA Arxeologiya və Antropologiya İnstitutunda Əmək və Sosial Münasibətlər Akademiyasının beynəlxalq əlaqələr üzrə prorektoru, Davamlı İdentifikatorların Təminatına Dəstək Mərkəzinin rəhbəri iqtisadiyyat üzrə fəlsəfə doktoru Xəyalə Məmmədovanın “Azərbaycanda elmi nəşrlərin beynəlxalq elmmetrik meyarlara uyğunlaşdırılması: Redaktorluq məktəbi” layihəsi çərçivəsində elmi təqdimatı keçirilib.

Bu barədə TƏHSİL.BİZ-ə institutdan məlumat verilib. Arxeologiya və Antropologiya İnstitutunun direktoru dosent Fərhad Quliyev bildirib ki, bu il ilk dəfə olaraq institutun ingilis dilində beynəlxalq elmi resenziyalı “Zaman körpüsü: Azərbaycan Arxeologiya və Antropologiya Jurnalı” (“Tempus Pontem: Azerbaijan Journal of Archaeology and Anthropology”) nəşr edildi. “Bu işdə Xəyalə Məmmədova bizə dəstək oldu və o, gələcəkdə də jurnalın müasir meyarlara uyğunluğu məsələsində bizimlə birlikdə olacaq”, - deyə Fərhad Quliyev bildirib.

Xəyalə Məmmədova mövzu üzrə çıxış edərək rəhbərlik etdiyi layihənin ölkəmizdə elmi nəşrlərin keyfiyyətinin artırılması və elmi nəşrlərin beynəlxalq standartlara uyğun identifikasiya ilə təmini baxımından olduqca önəmli olduğunu diqqətə çatdırıb.

“Bizim məqsədimiz azərbaycanlı alimlərin dünyaya çıxışını asanlaşdırmaqdır”, - deyə mühazirəçi vurğulayıb. Qeyd edib ki, beynəlxalq jurnalın adı, jurnalın elektron proqram təminatları ilkin şərtlərdən biridir. Elmi redaksiya heyəti əsasən öz sahəsi üzrə tanınmış əcnəbi alimlərdən ibarət olmalıdır. Xüsusi olaraq beynəlxalq elmi jurnalda dilin daşıyıcısı olan redaktorun göstərilməsi vacibdir. Elmi jurnalın təşkilinin əsas tələblərindən biri müstəqil və kənar rəyçilərdən ibarət komandanın formalaşdırılmasıdır.

Daha sonra Xəyalə Məmmədova məqalələrin tərtib qaydaları, məqalələrə istinadlar üçün sistemin və həmçinin jurnalın elektron resursunun (saytının) yaradılmasının vacibliyindən danışıb. Layihə rəhbəri “Zaman körpüsü: Azərbaycan Arxeologiya və Antropologiya Jurnalı”nın ilk sayının müasir tələblərə cavab verdiyini qeyd edib və jurnalın redaksiya heyətinə tövsiyələrini verib.

Xəbər lenti