Logo

ADU-da Birləşmiş Ərəb Əmirlikləri qadınlarının cəmiyyətdəki rolu haqqında seminar təşkil edilib

08.12.2025 21:02 24 baxış
IMG

Dekabrın 8-də Azərbaycan Dillər Universitetinin (ADU) Şeyx Zayed adına Ərəb dili auditoriyasında “BƏƏ qadınlarının cəmiyyətdəki mövqeyinin möhkəmləndirilməsi” mövzusunda elmi seminar təşkil olunub. Tədbir Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfirliyinin dəstəyi ilə baş tutub.

ADU-dan bildirilib ki, seminarda BƏƏ-nin Azərbaycandakı səfirliyinin birinci katibi Bədriyyə Abdullah Muhammad Əş-Şıhhi, eləcə də ölkəmizin müxtəlif ali təhsil müəssisələrini və fəaliyyət sahələrini təmsil edən tanınmış azərbaycanlı ziyalı qadınlar iştirak ediblər.

Ərəb dili auditoriyasının direktoru Ülviyyə Hüseynova seminarın məqsədi və proqramı barədə məlumat verib.

Tədbirdə qonaq qismində iştirak edən xanım Bədriyyə Əş-Şıhhi BƏƏ-də qadınların cəmiyyətdəki rolu, dövlət siyasətində qadınların gücləndirilməsi istiqamətində görülən işlər və əldə olunan nailiyyətlər barədə geniş məlumat təqdim edib.

Seminarda ADU-nun Tərcümə fakültəsinin dekanı Bənövşə Məmmədova, Bakı Avrasiya Universitetinin xarici əlaqələr üzrə prorektoru Sevda Rzayeva və Azərbaycan Dövlət İqtisad Universitetinin Qadınlar Şurasının sədri, BMT-nin sülhməramlı səfiri Kifayət Xudaverdiyeva məruzəçi qismində çıxış ediblər. Çıxışlarda qadınların elm, təhsil, ictimai həyat və idarəetmədə rolu, gender bərabərliyi və sosial imkanların genişlənməsi mövzularına toxunulub.

Seminar diskussiya paneli və sual-cavab sessiyası ilə davam edib. Tədbirin bədii hissəsində tələbələr poeziya nümunələri və təqdimatlarla çıxış ediblər.

Xəbər lenti