Biofizika İnstitutunun Elmi şurasının 2025-ci il iclasında institut laboratoriyalarının elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabat təqdim edilib.
İnstitutda bildirilib ki, iclasda baş direktor AMEA-nın müxbir üzvü Oktay Qasımov, icraçı direktor biologiya elmləri doktoru Kərim Qasımov çıxış ediblər. İnstitutun icraçı direktoru 2025-ci il üzrə hesabatı təqdim edib.
Bu il Biofizika İnstitutunda tədqiqatlar əsasən “Bioloji sistemlərin fiziki-kimyəvi əsasları” istiqamətində “Zülal və hüceyrə sistemlərində struktur-dinamika-funksiya arasında əlaqələr” və “Hüceyrə - ətraf mühit əlaqələrinin struktur-funksional xüsusiyyətlərinin molekulyar-genetik əsasları” mövzuları üzrə aparılıb. Tədqiqatlar 6 iş və 13 mərhələ üzrə yerinə yetirilib. Əldə edilən elmi nəticələr beynəlxalq standartlara uyğunlaşdırılaraq elmi nəşrlərdə, konfranslarda və illik hesabatlarda əks olunub.
İnstitutda molekulyar və biomolekulyar tədqiqatlar çərçivəsində insanın qan plazmasından alınan apo-albuminin monomer və nanozərrəcik formalarının dərman daşıyıcısı kimi davranışı öyrənilib, EPR spektroskopiyası və molekulyar dokinq metodları ilə bağlanma sahələrinin dinamikası, dissosiasiya sabitləri və palmitin turşusu ilə lipopeptid EQRPR-C16-nın təsiri müəyyən edilib. Anti-xərçəng təsirli lipopeptidlərin struktur-funksional xüsusiyyətləri müxtəlif spektroskopik metodlarla təhlil olunub. Lipidlərin müqayisəli analizi və süni intellekt modelləri sağlam və karsinoma nümunələrinin yüksək dəqiqliklə klassifikasiyasına imkan verib.
Neyrodegenerativ xəstəliklər üzrə tədqiqatlarda β-Amiloid peptidinin (25–35 amin turşulu) DPPC mühitində və xolesterinin iştirakı ilə konformasiya dəyişiklikləri öyrənilib, peptidin α-spiral, β-vərəq və nizamsız strukturlarının lipid mühitindən asılı olduğu göstərilib.
Ağciyər karsinoması və sağlam fərdlərdən alınan toxuma və qan plazması nümunələrində EGFR geninin irsi T790M mutasiyası ilk dəfə müəyyən edilib və ailəvi xərçəng riskinin qiymətləndirilməsi üçün biomarker kimi təsdiqlənib.
Hüceyrə siqnalları və ion kanallarının funksional tədqiqatları çərçivəsində böyük kalium (BK) kanalının sitoplazmatik domenində sitoxrom C-yə oxşar yeni struktur – funksional domen aşkar edilib. Tədqiqat ilində ErbB2 və ErbB3 reseptorlarının konservativ qalıqları və motivləri araşdırılaraq növbəti nəsil terapiyaların hazırlanması üçün məlumatlar əldə edilib. ALPHA-FOLD modelləşdirmənin nəticələri isə zülal tandem təkrarlardakı çərçivə sürüşmələrinin yeni zülal strukturu və funksiyaları yaratdığı göstərilib.
2025-ci ildə institut əməkdaşları 24 elmi məqalə, 6 konfrans materialı və 13 tezis çap etdirib, onların əksəriyyəti beynəlxalq bazalarda indekslənmiş (“WOS” və “Sopus”) jurnallarda dərc olunub. Beynəlxalq əməkdaşlıqlar ABŞ, İtaliya, Türkiyə, İsrail, Portuqaliya, Belarus və Fransanın müxtəlif universitet və elmi mərkəzləri ilə davam etdirilib. Eyni zamanda, fəlsəfə doktorları, dissertantlar, BDU tələbələri və lisey şagirdləri institutun laboratoriyalarında təcrübələrə cəlb olunub, “Sabahın alimləri” müsabiqəsində qalib şagirdlər beynəlxalq müsabiqələrə vəsiqə qazanıblar.
Bu tədqiqatlar Biofizika İnstitutunun elmi fəaliyyətinin müxtəlif sahələrdə əldə etdiyi uğurları nümayiş etdirir və tibb və biotibb, biotexnologiya və molekulyar biofizika sahələrində yeni müalicə və diaqnostika metodlarının inkişafına zəmin yaradır.