Logo

Akademik Yusif Məmmədəliyevin Ordubaddakı abidəsinin bərpadan sonra açılışı olub

07.12.2025 14:39 48 baxış
IMG

Akademik Yusif Məmmədəliyevin 120 illik yubileyi münasibətilə keçirilən "Yusif Məmmədəliyev: Elm. İrs. İnnovasiyalar" adlı beynəlxalq konfransın ikinci günü Naxçıvanda təşkil edilib.

Elm və Təhsil Nazirliyindən verilən xəbərə görə, konfrans iştirakçılarından ibarət nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində olub. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, AMEA-nın prezidenti İsa Həbibbəyli, AMEA-nın müxbir üzvü Sevda Məmmədəliyeva və digər tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Tədbir çərçivəsində Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsində akademik Yusif Məmmədəliyev adına Tədris-Tədqiqat Mərkəzinin açılışı olub. Mərkəzdə “Akademik Yusif Məmmədəliyev – 120” adlı sərgiyə baxış olub.

Mərkəzdə təşkil olunan “Akademik Yusif Məmmədəliyev-120” adlı guşədə görkəmli alimin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, müxtəlif fəaliyyət illərində aldığı patentlər, şəhadətnamələri, rəylər, məktublar nümayiş etdirilib.

Tədbir iştirakçıları mərkəzdə fəaliyyət göstərən laboratoriyalarla tanış olub və həyata keçirilən təcrübələri izləyiblər.

Xəbər lenti