Logo

Ağdamda Qədir Rüstəmovun 90 illiyi qeyd edilib

07.12.2025 11:32 48 baxış
IMG

Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Muğam Mərkəzində görkəmli xanəndə, Xalq artisti Qədir Rüstəmovun (1935–2011) anadan olmasının 90 illiyi qeyd edilib.

Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Qarabağ Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə keçirilən tədbirdə Qədir Rüstəmovun ailə üzvləri, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, mədəniyyət işçiləri iştirak ediblər.

Tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Milli Məclisin deputatları Aqil Abbas, Bəxtiyar Əliyev, Mətbuat Şurasının sədri Rəşad Məcid, şair Vaqif Bəhmənli və başqaları Azərbaycan xalqının musiqi mədəniyyətinin inkişafında Qarabağ muğam məktəbinin nümayəndələrinin rolundan, Qədir Rüstəmovun bənzərsiz ifaçılıq məharətindən, muğamlarımızın təbliği naminə fədakar əməyindən, istedadı və özünəməxsus ifa tərzi sayəsində xalqın sevgisini qazanmasından bəhs ediblər.

Bildirilib ki, vaxtilə unudulan xalq mahnılarımızdan bir çoxu sənətkarın ifası ilə yenidən həyat qazanıb. Onun son dərəcə məharətlə oxuduğu “Sona bülbüllər”, “Apardı sellər Saranı”, “Laçın”, “Ay dili-dili”, “Sarı gəlin” və neçə-neçə digər mahnılar hər kəsin qəlbində kövrək duyğular və səmimi hisslər oyadıb. Qədir Rüstəmovun ifasında bir sıra muğam dəsgahları - “Rast”, “Çahargah” lentə alınaraq Azərbaycan Radiosunun fondunda saxlanılır. 

Tədbirdə Ağdam Musiqi Kollecinin “Qarabağ” instrumental ansamblının müşayiəti ilə tanınmış muğam ifaçılarının təqdimatında mərhum xanəndənin repertuarına aid musiqi nömrələri təqdim edilib.

Sonda çıxış edən Qədir Rüstəmovun oğlu Mehdi Rüstəmov tədbirin təşkilatçılarına və bütün iştirakçılara minnətdarlığını bildirib.

Xəbər lenti