Respublika Uşaq Kitabxanası dekabrın 5-də tanınmış uşaq yazarı Solmaz Amanovanın paytaxtdakı 7 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdləri ilə görüşünü keçirib.
Görüşün təşkilində məqsəd məktəblilərin mütaliəyə marağının artırılması, uşaq ədəbiyyatına diqqətin gücləndirilməsi və yaradıcı düşüncənin inkişafına dəstək göstərilməsidır.
Məktəblilər öncə kitabxananın bölmələri və oxu məkanları ilə tanış olublar. Kitabxananın əməkdaşları tərəfindən onlara müəssisənin fəaliyyəti, fondun zənginliyi və uşaqlar üçün yaradılan imkanlar haqqında məlumat verilib.
Solmaz Amanova şağirdlərə müəllifi olduğu “Nağıllar”, “Şuşanın sehrli açarları” və “Ilma’s Adventures” adlı əsərləri haqqında bəhs edib, kitabların ideyası, obrazları və uşaqlar üçün verdiyi mesajlardan söz açıb. Həmçinin yaradıcılıq yolu, yazı prosesinin xüsusiyyətləri və uşaq ədəbiyyatının əhəmiyyəti barədə danışıb.
Yazıçı uşaqları maraqlandıran sualları da cavablandıraraq onlarla səmimi və interaktiv söhbət aparıb.
Tədbir müəlliflə oxucular arasında birbaşa ünsiyyətin qurulması, uşaq ədəbiyyatına marağın artırılması baxımından faydalı olub.
Görüşdən sonra kitabxana əməkdaşları tərəfindən uşaqlar üçün yaradıcı fəaliyyətə əsaslanan ustad dərsi təşkil olunub. Onlar gildən hazırlanmış müxtəlif fiqurları rəngləyiblər.