Logo

UNEC-də İnsan - Kompüter Qarşılıqlı Əlaqəsi üzrə 4-cü Beynəlxalq Avrasiya konfransı keçirilib

05.12.2025 19:30 26 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) ev sahibliyi ilə İnsan-Kompüter Qarşılıqlı Əlaqəsi üzrə 4-cü Beynəlxalq Avrasiya konfransının açılışı olub.

UNEC-dən bildirilib ki, konfrans Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutu, Türkiyənin TED, Atatürk və Bahçeşehir universitetlərinin birgə təşkilatçılığı ilə keçirilib.

Tədbir iştirakçıları əvvəlcə müasir təhsil texnologiyalarına həsr edilən sərgi ilə tanış olublar.

Konfransın açılışında çıxış edən UNEC-in rektoru professor Ədalət Muradov rəqəmsallaşmanın təhsildə tətbiqindən söz açıb: “Rəqəmsallaşma sadəcə texnologiya deyil, təhsil sisteminin yenidən qurulmasıdır. Səmərəsiz təhsil modelini dəyişmədən rəqəmsal texnologiya tətbiq etmək səmərəsiz sistemin ömrünü daha da uzadır və bu, ciddi risklər yaradır”.

Rektor qeyd edib ki, rəqəmsal dövrdə müəllimin rolu dəyişir, tələbə mərkəzli təhsil modeli əsas prioritetə çevrilir: “Biz müəllimi yenilənmiş modelə uyğun şəkildə hazırlamalıyıq. Bu gün müasir müəllim rəqəmsal resurslardan səmərəli istifadə etməyi bacarmalıdır. Biz bunu nəzərə alaraq, müəllimlər üçün müasir metodologiyaların tətbiqi ilə bağlı təlimlərə start vermişik. Eyni zamanda, UNEC-də çevrilmiş təhsilin tətbiqinə başlamışıq”.

UNEC-in rəqəmsallaşmada yalnız ölkədə deyil, regionda da ilk universitet olduğunu diqqətə çatdıran rektor bu modelin tətbiqinə 10 il əvvəl başlandığını bildirib. O, hazırda UNEC-in rəqəmsal platformasına süni intellektin inteqrasiyasının həyata keçirildiyini qeyd edib.

Sonda professor Ədalət Muradov belə beynəlxalq tədbirlərin müxtəlif ölkələrin mütəxəssislərini bir araya gətirərək şəbəkələşməyə böyük töhfə verdiyini qeyd edib və konfransın işinə uğurlar arzulayıb.

Açılış mərasimində, həmçinin Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun baş direktoru akademik Əli Abbasov, Türkiyənin TED Universitetinin dekanı Kürşat Çağıltay, Atatürk Universitetinin prorektoru professor Yöksel Göktaş çıxış ediblər. Bildirilib ki, konfransın məqsədi insan ilə kompüter və texnologiya arasındakı qarşılıqlı əlaqəni, həmçinin insanların ehtiyaclarına cavab verən daha səmərəli və funksional sistemlərin yaradılması yollarını müzakirə etməkdir. Konfrans çərçivəsində Azərbaycan, Türkiyə, Avropanın müxtəlif ali təhsil müəssisələrindən olan alim və mütəxəssislər tərəfindən bu istiqamətdə mövcud problemlər, onların həlli istiqamətləri və beynəlxalq təcrübə, elmi tədqiqatlar təqdim olunacaq.

Konfransda UNEC-də öyrənmə mühəndisliyi üzrə ilk laboratoriyanın yaradılacağı da bildirilib.

Beynəlxalq konfrans işini bölmə iclasları ilə davam etdirib.

Xəbər lenti