Dekabrın 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsil Könüllüləri Tələbə Birliyi (ADPU TKTB) 5 Dekabr – Beynəlxalq Könüllülər Günü münasibətilə “Volun-up” adlı bədii-əyləncəli tədbir keçirib.
Bu barədə universitetdən məlumat verilib.
Tədbirdə ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev bildirib ki, könüllülük hərəkatı bu gün dünya ölkələrində cəmiyyətin sosial dinamizmini təmin edən əsas dayaqlardan biri hesab olunur. Könüllülük yalnız yardım etmək və yaxud bir tədbirdə iştirak etmək deyil, həm də vətəndaş məsuliyyətinin, sosial həmrəyliyin və humanizmin göstəricisidir.
Prorektor ADPU-da könüllü birliklərinin universitet həyatında fəallıq nümayiş etdirdiyini vurğulayıb. O qeyd edib ki, könüllülər təkcə tədbirlərin təşkili və idarə olunmasında deyil, həm də sosial təşəbbüslərin irəli sürülməsində, universitetin ictimai mühitinin formalaşdırılmasında mühüm rol oynayırlar.
F.Rzayev əlavə edib ki, qalib Azərbaycanın inkişafında, xüsusilə, Qarabağın bərpası və dirçəlişi prosesində gənclərin fəallığı, təşəbbüskarlığı və ictimai məsuliyyəti böyük əhəmiyyət daşıyır. Bu gün gənclər dövlət siyasətinin mərkəzində dayanır və onların hər birinin bilik, bacarıq və enerjisi ölkənin gələcək inkişafının təminatıdır.
ADPU TKTB-nin sədri Aydan Süleymanlı Beynəlxalq Könüllülər Gününün gənclər üçün əhəmiyyətinə toxunub. O, könüllülüyün gənclərin həm şəxsi inkişafına, həm də cəmiyyətə faydalı vətəndaş kimi formalaşmasına mühüm töhfə verdiyini bildirib.
Tədbir bədii hissə ilə davam edib.