Logo

Azərbaycan Universiteti və Qazaxıstanın Şimkent Universiteti əməkdaşlığa başlayır

05.12.2025 11:25 74 baxış
IMG

Azərbaycan Universiteti ilə Qazaxıstanın Şimkent Universiteti arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Azərbaycan Universitetindən TƏHSİL.BİZ-ə bildirilib ki, memorandum tərəflər arasında akademik əlaqələrin qurulmasını və genişləndirilməsini, müəllim, tələbə və işçi heyətinin mübadiləsini, birgə elmi-tədqiqat layihələrinin hazırlanmasını və həyata keçirilməsini nəzərdə tutur.

İmza mərasimindən əvvəl nümayəndə heyətləri arasında görüş olub. Görüşdə əməkdaşlıq istiqamətləri nəzərdən keçirilib və memorandumdan irəli gələn vəzifələrin icrasına dair fikir mübadiləsi aparılıb.

Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti və beynəlmiləlləşmə siyasətinin prioritet istiqamətləri haqqında məlumat verib. Rektor qeyd edib ki, prioritet istiqamətlərdən birini türk dövlətlərinin ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin qurulması təşkil edir. Dünyada mühüm ictimai-siyasi proseslərin getdiyi bir dövrdə türk dövlətləri bir-biri ilə əməkdaşlığı daha da gücləndirməli, Türk dünyasının ortaq maraqlarını qorumaq baxımından daha sıx birləşməlidirlər. Son illərdə türk dövlətləri arasında əlaqələr yüksələn xətt üzrə inkişaf edir, ölkə rəhbərlərinin intensivləşən qarşılıqlı səfərləri əlaqələrin daha da dərinləşdiyinin bariz göstəricisidir. Türk Dövlətləri Təşkilatı çərçivəsində möhkəmlənən münasibətlər ali təhsil müəssisələri arasında əməkdaşlıq üçün geniş imkanlar yaradır, universitetlər bu prosesdə fəal iştirak etməlidirlər.

Elmi işlər üzrə prorektor Yusif Qasımov elmi fəaliyyətin təşkili və universitetin beynəlxalq reytinqlərdəki mövqeyi, rektorun müşaviri, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru Nüşabə Quliyeva əcnəbi vətəndaşların qəbulu, beynəlxalq ikili diplom proqramları, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elmira İsmayılova isə beynəlmiləlləşmə siyasəti haqqında ətraflı məlumat veriblər.

Şimkent Universitetinin rektoru Nurlıbek Seitkulov rəhbəri olduğu ali təhsil müəssisəsi haqqında məlumat verib. Rektor beynəlmiləlləşmə və mobilliyin universitetin prioritetləri sırasında olduğunu diqqətə çatdırıb, imzalanan memorandumun hər iki tərəf üçün uğurlu olacağına inandığını bildirib.

Görüşdə Şimkent Universitetinin Beynəlxalq əməkdaşlıq şöbəsinin koordinatoru Assel Auyelbekova və Türkiyənin Ankara Universitetinin dosenti Sevil Piriyeva da iştirak ediblər.

Memorandumu Azərbaycan Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva və Şimkent Universitetinin rektoru Nurlıbek Seitkulov imzalayıblar.

Xəbər lenti