3 Dekabr – Beynəlxalq Əlilliyi olan Şəxslər Günü münasibətilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) müxtəlif inkişaf məhdudiyyətli şəxslərin, o cümlədən uşaqların əl işlərindən ibarət satış- sərgisi keçirilib.
Bu barədə universitetin mətbuat katibi Şahanə Müşfiq məlumat verib.
Tədbirdə “Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyinin nümayəndələri, universitet rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
ADMİU-nun elm və yaradıcılıq işləri üzrə prorektoru dosent Sədaqət Əliyeva çıxışında bildirib ki, sərginin məqsədi fiziki məhdudiyyətli uşaqların cəmiyyətə inteqrasiyasına, yaradıcılıq qabiliyyətlərinin nümayişinə və ictimai diqqətin bu mövzuya yönəldilməsidir.
“Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyinin sədri Təranə Musayeva bu cür şəraiti yaratdıqlarına görə ADMİU-nun rektoru professor Ceyran Mahmudova başda olmaqla, bütün kollektivə, eləcə də tədbir iştirakçılarına öz təşəkkürünü bildirib.
Sərgi ziyarətçilər tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, Beynəlxalq Əlilliyi olan Şəxslər Günü BMT Baş Assambleyasının 1992-ci il 14 oktyabr tarixli qətnaməsi ilə təsis olunub.