Logo

Xüsusi pedaqogika: həm ehtiyac çox, həm maraq

03.12.2025 19:53 28 baxış
IMG

3 Dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər Günü cəmiyyətdə inklüzivliyi, bərabər imkanları, o cümlədən əlilliyi olan şəxslərin təhsilə, peşəyə cəlb edilməsini bir daha gündəmə gətirir. İnklüziv təhsil isə bu prosesin əsas amillərindən biridir. Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Məktəbəqədər təhsil fakültəsinin dekanı pedaqogika üzrə elmlər doktoru dosent Nailə Hüseynova AZƏRTAC-a müsahibəsində xüsusi pedaqoji kadr hazırlığı məsələlərindən, gənclərin bu sahəyə marağından, eyni zamanda, ADPU-da da əlilliyi olan tələbələrin təhsil imkanlarının genişləndirilməsi istiqamətində görülən işlərdən söhbət açıb.

ADPU-nun Məktəbəqədər təhsil fakültəsinin dekanı bildirib ki, xüsusi pedaqoqların fəaliyyətində həm pedaqoji, həm psixoloji, həm də kommunikativ bacarıqlar mühüm rol oynayır: “Xüsusi pedaqoqlar və yaxud xüsusi təhsil mütəxəssisləri uşaqların fərdi ehtiyaclarına uyğun tədris və dəstək göstərdikləri üçün onların peşə bacarıqları həm pedaqoji, həm psixoloji, həm də kommunikativ sahələri əhatə edir. Fərdiləşmiş tədris aparmaq, korreksiya-inkişafetdirici metodikaları tətbiq etmək, müşahidə və diaqnostika, effektiv kommunikasiya, emosional sabitlik, yüksək empatiya, səbir və beyin çevikliyi – bütün bunlar xüsusi pedaqoqlar üçün ən vacib bacarıqlardır”.

İnklüziv təhsilin müəllim hazırlığına necə inteqrasiya edilməsi ilə bağlı suala cavab verən Nailə Hüseynova deyib ki, Pedaqoji Universitetdə müəllim hazırlığı prosesində inklüziv təhsilin komponentləri fənn, təlim və təcrübə mərhələlərində inteqrasiya olunur. İnklüziv təhsil fənni bütün ixtisaslarda tədris olunur, tələbələr praktik məşğələlərdə müxtəlif xüsusi təhsil ehtiyaclarına uyğun dərs qurma bacarıqları qazanırlar.

“Xüsusi pedaqogika sahəsinə gənclərin marağı son illərdə artmaqdadır, amma bu maraq ölkədən-ölkəyə və təhsil sisteminin inkişaf səviyyəsinə görə dəyişir. Azərbaycanda və regionda müşahidə olunan ümumi tendensiyalar belədir: inklüziv təhsilin genişlənməsi, autizm, nitq gecikməsi, davranış pozuntuları haqqında məlumatlılığın artması, valideynlərin və məktəblərin mütəxəssis tələbatının yüksəlməsi gənclərin bu sahəyə yönəlməsini artırıb. Eyni zamanda, loqoped, xüsusi pedaqoq, defektoloq çatışmazlığı var.

Təbii ki, inklüziv siniflər, reabilitasiya mərkəzləri, xüsusi təhsil müəssisələri genişlənir və bu da öz növbəsində iş imkanlarını artırır. Ümumilikdə isə deyə bilərəm ki, gənclər sosial faydalılığı yüksək olan ixtisaslara meyillidir”, - deyə müsahibimiz bildirib. Onun sözlərinə görə, gələcəkdə bu ixtisas istiqamətində nəinki yeni modul və ya proqramlar, həmçinin şaxəli ixtisaslaşmalar da nəzərdə tutulur.

ADPU-da əlilliyi olan tələbələr üçün yaradılan dəstək mexanizmlərindən danışan pedaqogika üzrə elmlər doktoru, dosent Nailə Hüseynova qeyd edib ki, tədris mühiti və infrastruktur həmin tələbələrin ehtiyaclarına uyğunlaşdırılır: “Məsələn, dayaq hərəkət aparatı pozulmuş tələbələrimiz var. Biz onların dərslərini aşağı mərtəbələrdə keçirməyə çalışırıq. Gözdən əlil tələbələrimiz üçün şərait yaradırıq ki, yazılı imtahan deyil, şifahi imtahan versinlər. Müəllimlərdən xahiş edirik ki, mühazirə materiallarını bir qədər başqa formatda verək. Bütün bunlar ADPU-da mövcuddur. Amma infrastruktur üçün tədricən çalışırıq. Ümumiyyətlə, universitetimizin bir çox fakültələrində əlilliyi olan tələbələrimiz təhsil alırlar. Onların təhsil almaları üçün geniş imkanlar yaradılıb”.

Xəbər lenti