Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə “Balakhani Operating Company LTD” arasında bu ilin əvvəlində imzalanmış anlaşma memorandumuna əsasən tərəflər tələbələrin sənayeyə yararlı bacarıqlarının inkişaf etdirilməsi məqsədilə növbəti təlimini təşkil edib.
Bu dəfə auditoriyada hasilat şirkətinin İctimai əlaqələr şöbəsinin müdir müavini Günel Həsənova çıxış edərək natiqlik və kommunikasiya üzrə yumşaq bacarıqların əhəmiyyəti barədə danışıb. O, həmçinin şirkətlərin ictimaiyyətlə əlaqələrinin qurulmasında tərəfdaş münasibətlərinin formalaşdırılması, medianın aidiyyəti gündəmin qurulmasında strateji rolu, brend dəyərinin gücləndirilməsi və bu amillərin uzunmüddətli təsiri barədə ətraflı məlumat verib.
Təlimçi vurğulayıb ki, ənənəvi universitet-sənaye modelində müasir informasiya dövrünü nəzərə alaraq, media da nəzərə alınmalı və tərəfdaş kimi əlavə edilərək “Triple Win” (üçtərəfli fayda) modeli tətbiq olunmalıdır. Günel Həsənova nümunə kimi ADNSU ilə “Balakhani Operating Company” şirkəti arasında mövcud əməkdaşlıq mexanizmlərinin yaratdığı imkanlardan da bəhs edib. Media vasitəsilə geniş auditoriyaya çıxış, etimadın gücləndirilməsi və ictimai etibarın formalaşdırılması praktik misallar əsasında nümayiş etdirilib.
Təlim zamanı tələbələr press-relizlərin tərtib olunması, foto və videomaterialların seçilməsi, uğurlu media planının hazırlanması ilə bağlı tövsiyələr aldılar.