Logo

268 nömrəli məktəbdə yeni layihənin açılış mərasimi baş tutub

01.12.2025 16:21 23 baxış
IMG

Noyabrın 27-də 268 nömrəli xüsusi ümumtəhsil məktəbində Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 2025-ci il IX Qrant müsabiqəsinin “Fərdi kateqoriya” üzrə qalib olan “Hərəkət Et, Hiss Et, İrəlilə – Kapoeyra ilə Dəyiş!” layihəsinin açılış mərasimi baş tutub.

TƏHSİL.BİZ xəbər verir ki, tədbirdə qonaq qismində Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Professor Hikmət Əlizadə və İctimai Şuranın katibi Günay Əkbərova iştirak ediblər. Professor Hikmət Əlizadə çıxışında layihənin uşaqların sosial-emotional inkişafına verəcəyi müsbət təsiri qeyd edərək, bu cür innovativ təşəbbüslərin təhsil sisteminə yeni nəfəs gətirdiyini bildirib. Günay Əkbərova isə kapoeyranın inklüziv mühitdə şagirdlərə özünüifadə, əməkdaşlıq və özgüvən qazandırmaq baxımından böyük potensial daşıdığını vurğulayıb.

Açılışı edən və layihənin qalibi olan Aliyə müəllimə layihənin məqsədləri, fəaliyyət planı və gözlənilən nəticələri diqqətə çatdıraraq, bu təşəbbüsün şagirdlərin inkişafına verəcəyi töhfələrdən danışıb. O, çıxışında bu ilhamverici fikri səsləndirib:

“Hər bir uşağın içində bir ritm, bir enerji, bir potensial var. Bu layihə ilə həmin enerjini görünən, duyulan və inkişaf edən bir gücə çevirmək istəyirik.”

Mərasimdə həmçinin Təlim-tərbiyə işləri üzrə direktor müavini Hüseynova İrena, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının sədri Nəbiyeva Aysel, məktəbin musiqi müəllimi Xanməmmədova Aydan və rus bölməsinin metodbirləşmə sədri Həsənova Samirə çıxış edərək layihənin məktəbin təlim-tərbiyə mühitinə gətirəcəyi yenilikləri yüksək qiymətləndiriblər.

Kapoeyranın ritm, hərəkət və özünüifadəni birləşdirən dinamik yanaşması şagirdlərin həm fiziki, həm sosial, həm də psixoloji inkişafına müsbət təsir edəcək və məktəbdə daha motivasiyaedici təlim atmosferi yaradacaq.

Xəbər lenti