AMEA-nın Şəki Regional Elmi Mərkəzində (REM) Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyəti sədrinin müavini, hüquq üzrə fəlsəfə doktoru Vəfaddin İbayevin “Suverenliyin zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar, siyasi paralellər” adlı kitabının təqdimat mərasimi keçirilib.
Bu barədə TƏHSİL.BİZ-ə AMEA-dan məlumat verilib.
Tədbirdə Şəki REM-in direktoru fizika üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü ictimaiyyətə təqdim olunan kitabın elmi əhəmiyyətini qeyd edib. O, nəşrin təqdimatının Mərkəzdə keçirilməsinin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, suverenlik ideyasının elmi-hüquqi əsaslarla təbliği, müasir siyasi proseslərin dəyərləndirilməsi istiqamətində aparılan araşdırmaların region alimləri ilə bölüşülməsi, eləcə də elmi müzakirə mühitinin genişləndirilməsi məqsədi daşıdığını bildirib.
Sonra kitabın müəllifi hüquq üzrə fəlsəfə doktoru Vəfaddin İbayev çıxış edərək nəşrin məzmunu barədə ətraflı məlumat verib. Qeyd edib ki, əsər 33 fəsildən ibarətdir və tədqiqat üç əsas istiqamət üzrə aparılıb. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident, Ali Baş Komandan İlham Əliyevin 44 günlük Vətən müharibəsi dövründə xalqa müraciətləri, çıxışları və müsahibələri hər üç istiqamət üzrə sistemli şəkildə təhlil edilib. Kitabda Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin Ermənistan–Azərbaycan münaqişəsinin həlli ilə bağlı irəli sürdükləri ideyalar geniş təhlil olunub, bu kontekstdə ordu quruculuğu, vətənpərvərlik ruhunun gücləndirilməsi, beynəlxalq müstəvidə Azərbaycanın ədalətli mövqeyinin təsdiqi və digər strateji məsələlərin reallaşdırılması ilə bağlı faktlar elmi əsaslarla diqqətə çatdırılıb.
Tədbirdə, həmçinin Şəki REM-in Tarix və epiqrafika şöbəsinin rəhbəri Rahim Həsənov, həmin şöbənin böyük elmi işçisi Akif Məmmədli, Arxeologiya və etnoqrafiya şöbəsinin rəhbəri Elşən Abdurahmanov çıxış ediblər. Qeyd olunub ki, bu kitab tarixçilər, hüquqşünaslar, həm də ictimai-siyasi proseslərlə maraqlanan oxucular üçün sanballı elmi mənbədir.