Logo

ADMİU-nun Strateji İnkişaf Proqramı: rəqabət gücünün artırılması, beynəlxalq əlaqələrin genişləndirilməsi

28.11.2025 12:27 75 baxış
IMG

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 2026–2030-cu illər üzrə Strateji İnkişaf Proqramının (SİP) hazırlanması prosesi ilə bağlı iclas keçirilib.

Bu barədə TƏHSİL.BİZ-ə universitetin mətbuat katibi Şahanə Müşfiq məlumat verib.

İclasda ADMİU-nun 2026–2030-cu illər üzrə Strateji İnkişaf Proqramının hazırlanması ilə bağlı işçi qrupunun sədri, rektor professor Ceyran Mahmudova növbəti beş il üçün müəyyən edilən prioritet istiqamətlərdən bəhs edib. O, qarşıdakı illərdə ADMİU-nun rəqabət gücünün artırılması, tədrisin keyfiyyətinin yüksəldilməsi, elmi və yaradıcılıq fəaliyyətinin gücləndirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi və müasir idarəetmə modelinin tətbiqi ilə bağlı hədəflərdən danışıb.

İşçi qrupunun sədr müavini, Təlim və tədris istiqaməti üzrə altqrupa məsul şəxs, ADMİU-nun tədris işləri üzrə prorektoru dosent Nigar Rüstəmova fəaliyyət planında nəzərdə tutulan yeni tapşırıqların icra vəziyyəti barədə məlumat verib. O, təhsil prosesinin yenilənməsi, müasir pedaqoji və rəqəmsal yanaşmaların tətbiqi, tədris nəticələrinin və təhsil proqramlarının təkmilləşdirilməsi istiqamətində nəzərdə tutulan işlərdən bəhs edib.

Elmi-tədqiqat (yaradıcılıq) istiqaməti üzrə altqrupa məsul şəxs, ADMİU-nun elm və yaradıcılıq işləri üzrə prorektoru dosent Sədaqət Əliyeva universitetdə yaradıcılıq və elmi-tədqiqat fəaliyyətinin inkişaf etdirilməsi, tədqiqat imkanlarının genişləndirilməsi və elmi nəticələrin tətbiqinin stimullaşdırılması istiqamətində planlaşdırılan tədbirlər barədə məlumat verib.

İnfrastruktur istiqaməti üzrə altqrupa məsul şəxs, ADMİU-nun inzibati-təsərrüfat işləri üzrə prorektoru Fərhad Əliyev maddi-texniki bazanın gücləndirilməsi və tədris mühitinin modernləşdirilməsi istiqamətində görüləcək tədbirlər haqqında danışıb.

Beynəlmilləşmə istiqaməti üzrə altqrupa məsul şəxs, ADMİU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Sevil Kərimova xarici tərəfdaşlarla birgə layihələrin həyata keçirilməsi, beynəlxalq mübadilə proqramlarında iştirakın artırılması və universitetin dünya reytinqlərində mövqeyinin yaxşılaşdırılması istiqamətində həyata keçiriləcək işlərin əhəmiyyətini vurğulayıb.

Strateji inkişaf və keyfiyyət təminatı üzrə altqrupa məsul şəxs, Keyfiyyət təminatı və strateji planlama departamentinin müdiri dosent Şirinbəy Əliyev 2021–2025-ci illər üzrə Strateji İnkişaf Planının icrasının monitorinqinin nəticələrini təqdim edib. O, yeni proqramın hazırlanması zamanı əvvəlki SİP-in icra vəziyyətinin və qazanılmış təcrübələrin nəzərə alınmasının vacibliyini, əldə olunan nəticələrin universitetin növbəti inkişaf mərhələsi üçün mühüm baza rolunu oynadığını qeyd edib.

Daha sonra çıxış edən əmək bazarı nümayəndələri çağdaş dövrün tələblərinə uyğun kadr hazırlığı üçün mühüm əhəmiyyət kəsb edən təklif və tövsiyələrini səsləndiriblər.

Sonra çıxışlar ətrafında geniş fikir mübadiləsi aparılıb. İşçi qrupunun üzvləri yeni Strateji İnkişaf Proqramının müasir çağırışlara uyğunluğu, effektiv idarəetmə mexanizmlərinin formalaşdırılması və universitetin gələcək inkişaf perspektivləri ilə bağlı təkliflərini bildiriblər.

 

Xəbər lenti