Logo

Nazirdən ictimaiyyətə müraciət: Təklif nədirsə, onu müzakirə edək

21.11.2025 13:46 97 baxış
IMG

Elm və təhsil naziri Emin Əmrullayev öz sosial media hesabında paylaşım edib. O, son günlər geniş müzakirə mövzusu olan və 2027–2030-cu illəri əhatə edəcək həftədə 30–36 saatlıq tam ştat modeli ilə bağlı fikirlərini bölüşüb.

TƏHSİL.BİZ həmin paylaşımı təqdim edir.

“Bir daha qeyd etmək istəyirəm ki, müzakirə mədəniyyəti hər bir işin təkmilləşməsində mühüm rol oynayır. İstənilən məsələ müzakirə olunarsa, daha səmərəli nəticə əldə etmək mümkündür. Atalarımızın dediyi kimi, ağıl ağıldan üstündür. Xüsusilə ictimai maraq və əhəmiyyət kəsb edən məsələlərin ictimai müzakirəsi Elm və Təhsil Nazirliyi olaraq hər zaman dəstəklədiyimiz yanaşmadır. Təəssüf ki, hələ də bu sahədəki xoş niyyətimiz bəzən arzuedilən nəticələr vermir.

Son günlər geniş müzakirələrə səbəb olmuş təklif edilən islahatın mahiyyəti ondan ibarətdir ki, 2027-ci ildən başlayaraq 2030-cu ilədək mərhələli şəkildə müəllimlərin əməkhaqqı saathesabı prinsiplə yanaşı, yüksək nəticə göstərmiş müəllimlər üçün könüllü əsasda ölkə üzrə orta əməkhaqqından iki dəfə çox maaş təklif edilməklə həftədə 30–36 saatlıq tam ştat əsasda da hesablanacaq.

Müzakirələrdə əsas problem kimi üç məqamı xüsusi vurğulamaq istəyirəm:

Əvvəla, ən təəccüb doğuran və məntiqsiz görünən məqam odur ki, təklif edilən fikirlər bir kənarda qalır, cəmiyyət isə məsələyə heç bir aidiyyəti olmayan (və ya mövzudan xəbərsiz) şəxslərin uydurduğu və ya təhrif etdiyi fikirləri müzakirə etməyə başlayır. Məsələn, “müəllimlərin əməkhaqqı sistemi saathesabı sistemdən tam ştat sisteminə keçməlidir” fikri “müəllimlər saat 6-ya qədər məktəbdə qalacaqlar” kimi təhrif olunur və müzakirələr də bu təhrif edilmiş, bayağı fikir üzərində qurulur. Buna görə də xahiş edirik ki, təklif nədirsə, onu müzakirə edək, Elm və Təhsil Nazirliyinə aid olmayan təhrif edilmiş fikirləri deyil.

İkinci məsələ müzakirələrdə əsas fikri detallardan ayıra bilməməkdir. Əsas fikir yuxarıda qeyd edilib. Əgər bu fikir məqbul hesab olunursa, detallar – məsələn, “infrastruktur çatışmazlığı” və ya “uzaq məsafədən müəllimin işə gediş-gəlişi” kimi məsələlər – sonradan müzakirə edilə bilər. Yox əgər əsas fikir səhv hesab olunursa, detalları müzakirə etməyin də mənası yoxdur.

Digər məqam isə bəzi media qurumlarının təqdim edilən materiallardan yalnız detalları seçərək neqativ başlıq formalaşdırmağa meyilli olmasıdır. Dünən İctimai Televiziyada bu islahat barədə ətraflı məlumat verdik. Bir saata yaxın təqdimat yerli media orqanlarından birində “210 manat maaş alan müəllimlərin sayı AÇIQLANDI” başlığı ilə yayımlandı. Halbuki həmin verilişdə həm də 1589 manat maaş alan müəllimlərin sayı açıqlanmışdı və bu rəqəm 210 manat alanların sayından azı dörd dəfə çox idi. Hörmətli media nümayəndələrimiz bu fərqi ya görmədilər, ya da görüb paylaşmaq istəmədilər. Bu, sadəcə bir nümunədir. Belə neqativ yönümlü davranışın arxasında duran sosial-psixoloji səbəbləri isə yəqin ki, müvafiq mütəxəssislər araşdırmalıdırlar.

Bu məqamlara toxunmağı vacib bildim. Təbii ki, ictimai müzakirə aparmaq özü ayrıca bir bacarıq tələb edir. Zamanla bu sahədə də müsbət irəliləyiş olacağına inanıram. Əsas odur ki, nikbin olaq – bu gün təhsil sistemimizdə mənfidən çox müsbət proseslər baş verir.

Hər birinizə uğurlar arzulayıram!”

Xəbər lenti