Logo

Yeni dərslik istifadəçiləri 10-11-ci siniflərdə sıfırdan təkrara ehtiyac duymayacaqlar

09.09.2025 15:18 46 baxış
IMG

“Yeni nəsil “Azərbaycan dili” dərsliyində dil qaydalarının tədrisi mərhələli şəkildə aparılır. Bir mövzuya bir dəfə toxunulmur. Bütün siniflərdə həmin mövzulara müəyyən qədər toxunulur və yuxarı siniflərə qalxdıqca daha mürəkkəb mövzularla yanaşı, beşinci sinifdə keçirilən fonetika mövzusuna belə bir daha toxunulur. Beləliklə, şagird öyrəndiklərini unutmayacaq və 10-11-ci siniflərdə sıfırdan təkrar ehtiyacı duymayacaq”.

TƏHSİL.BİZ xəbər verir ki, bu fikirləri bu gün 2025-2026-cı tədris ilində ümumtəhsil müəssisələrinin 6-cı siniflərində tətbiq olunacaq yeni nəsil “Azərbaycan dili” dərslik komplektinin məzmunu və tədris texnologiyasının xüsusiyyətlərinin müzakirəsinə həsr edilmiş vebinarda “Azərbaycan dili” dərsliklərinin müəllifi, layihə rəhbəri Rafiq İsmayılov səsləndirib.

Onun sözlərinə görə, müasir dərsliklərdə dil qaydalarının tədrisi sistemli və mərhələli şəkildə – sadədən mürəkkəbə doğru qurulur:
“5-ci sinifdə əsasən fonetikanın sadə elementləri – saitlər və onların növləri, səslərin tələffüz və yazılış formaları tədris olunur. Məsələn, “a”, “o” saitlərinin yazılışı, “k” səslərinin “y”yə, “g” səslərinin “r”yə keçməsi kimi ilkin qaydalar bu mərhələdə öyrədilir”.

Rafiq İsmayılov bildirib ki, 6-cı sinifdən etibarən isə fonetikanın daha mürəkkəb qaydaları – səsdüşməsi, səsartımı, qoşasamitli sözlərin tələffüzü kimi məsələlər dərsliklərə daxil edilir. Mütəxəssis xüsusilə iki “y” ilə yazılan, lakin bir “y” ilə tələffüz edilən sözlərin öyrənilməsi mövzusunun çətinliyinə diqqət çəkib:

“Şagird bilməlidir ki, tərkibində “iyyət”, “iyyat” kimi şəkilçilər olan sözlər iki “y” ilə yazılır, lakin bir “y” ilə deyilir. Eyni qayda kökdəki “səyyar” kimi sözlərə də aiddir. Lakin “əhəmiyyət”, “vəziyyət” sözləri istisnadır”.

O əlavə edib ki, belə istisnalar çoxdur və bu səbəbdən fonetika və digər dilçilik bölmələrinin tədrisi yalnız bir sinif çərçivəsində bitmir. Bu mövzular 5-ci sinifdən başlayaraq 11-ci sinfə qədər pillə-pillə, mütəmadi tədris olunur.

Xəbər lenti