Logo

Ukraynada məktəblərdə 12 illik təhsilə keçidlə bağlı pilot layihəyə başlanılıb

02.09.2025 16:07 49 baxış
IMG

1 sentyabrdan etibarən Ukraynada 12 illik məktəb modelinin sınaqdan keçirilməsi məqsədilə 2023–2027-ci illəri əhatə edən eksperimental layihəyə başlanılıb. 

TƏHSİL.BİZ xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının Elm, Təhsil və İnnovasiya Komitəsinin rəhbəri Sergey Babak “Telegram” kanalında məlumat paylaşıb.

Onun sözlərinə görə, layihə 2027-ci ilin sentyabrına qədər davam edəcək və xüsusi orta təhsilin yeni dövlət standartlarının tətbiqi istiqamətində ilk addım olacaq. Yeni model iki istiqaməti – akademik və peşəyönümlü tədrisi nəzərdə tutur. Şagirdlər seçilmiş profillər üzrə daha dərin bilik əldə edəcək, bu isə onların maraq və qabiliyyətlərinə uyğun istiqamətdə inkişafına şərait yaradacaq.

“Əsas məqsəd uşaqları yükləmədən onların fiziki və psixoloji sağlamlığını qorumaq, eyni zamanda ən yaxşı bacarıqlarını inkişaf etdirməkdir”, – deyə Sergey Babak bildirib.

Yeni formatda ali məktəbə hazırlıq daha məqsədyönlü şəkildə aparılacaq və bu, bakalavr pilləsinin müddətini dörd ildən üç ilə qədər azalda bilər.

“Gəlin açıq danışaq, hazırda ali məktəbin ilk kursu əksər hallarda məktəb proqramının təkrarı, biliklərin bərpası ilə keçir. Yeni layihə bu problemi aradan qaldırır”, – deyə Babak əlavə edib.

Layihəyə əsasən, yalnız məktəblərdə deyil, həm də peşə təhsili müəssisələrində şagirdlər tam orta təhsil alaraq həmçinin ixtisasa yiyələnəcəklər.

Qeyd edək ki, 2017-ci ildə qəbul olunmuş “Təhsil haqqında” Qanun Ukraynada 12 illik təhsil sisteminə keçidin əsaslarını müəyyənləşdirib. 2018-ci ildən ibtidai, 2022-ci ildən isə ümumi orta təhsil pilləsində yeni proqramlar tətbiq olunmağa başlayıb. 2027-ci ildən isə xüsusi orta təhsil pilləsində də 12 illik modelə tam şəkildə keçid nəzərdə tutulur.

Sergey Babak vurğulayıb ki, bu dəyişikliklər Avropa təhsil standartına inteqrasiya və Ukrayna məktəb diplomlarının beynəlxalq tanınması üçün mühüm əhəmiyyət daşıyır.


 

Xəbər lenti