4-20 iyul tarixlərində Almaniyanın Bonn şəhərində 5-ci Avropa Qızlar İnformatika Olimpiadası (EGOI 2025) təşkil edilib. 61 ölkədən 227 nəfər məktəbli qız şagirdin iştirak etdiyi olimpiadada məktəblilərimiz uğurla çıxış edərək 2 bürünc medal və 1 həvəsləndirici mükafat qazanıblar.
TƏHSİL.BİZ xəbər verir ki, bu barədə Təhsil İnstitutu məlumat yayıb.
Belə ki, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin X sinif şagirdi Rahidil Bayramlı və Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Ayan Kərimova bürünc medala, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin X sinif şagirdi Aytən İskəndərova isə həvəsləndirici mükafata layiq görülüb.
Qeyd edək ki, 2017-ci ildən etibarən informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telekom” MMC-nin dəstəyi ilə həyata keçirilir.